Aynur Musayeva valideynlərə övladlarını intihardan qorumaq üçün tövsiyələr verib
06.05.2022
Son vaxtlar Bakıda, eləcə də rayonlarda yeniyetmələr arasında intihar halları baş verir. Yeniyetmələrin canına qıymasının səbəbi kimi onların ali məktəbə qəbul imtahanında az bal toplaması göstərilir. Sonuncu belə hadisə bir neçə gün öncə paytaxtda baş verib. Belə ki, 17 yaşlı Xumar Babayeva imtahanda zəif nəticə göstərdiyinə görə özünü çoxmərtəbəli yaşayış binasından ataraq intihar edib. Onun bu addımı cəmiyyətdə böyük rezonans doğurub.
Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva bildirib ki, bu cür hadisələrin baş verməsi olduqca narahatedicidir.
Onun sözlərinə görə, baş verənlər valideynlər üçün həyəcan siqnalıdır: "Hazırda orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinin açıqlandığı dövr olduğundan valideynlər bu aralar xüsusilə diqqətli olmalıdırlar. Bəzi valideynlər övladının qarşısında şərt qoyur ki, qəbul imtahanlarında yüksək nəticə toplayaraq ali universitetə qəbul olsun. Uşaq valideynin ondan gözlədiklərini yerinə yetirə bilmədikdə, bunu bacarmadıqda ailədə təzyiqlərə məruz qalır və depressiyaya düşərək özünə qəsd edir”.
Mərkəz rəhbəri valideynlərə müraciət edib: "Belə bir həssas dönəmdə övladlarına daha çox qayğı ilə yanaşmalarını, qəbul imtahanındakı zəif nəticələrə görə onların üzərinə getməməyi tövsiyyə edirəm. Bir qədər səbirli, təmkinli olmaq, uşaqlara daha bir şans tanımaq lazımdır. Onsuz da psixoloji cəhətdən gərgin olduqları, yüksək həyəcan yaşadıqları bir vaxtda onlara əlavə stress yaşatmaq bədbəxt nəticələrə səbəb olur. Valideynlər övladlarına izah etməlidirlər ki, imtahanda az bal toplamaq, orta məktəbi bitirdiyi il ali məktəbə qəbul olmamaq həyatın sonu deyil. Hər bir uğursuzluq yeni bir uğura yol açır, həmçinin qarşıya qoyulan məqsədə çatmaq üçün daha çox çalışmaq, səy göstərmək lazım olduğunu göstərir. Zəhmət çəkərək, əmək sərf edərək hər bir çətinliyin öhdəsindən gəlmək mümkündür. Bunun təcrübədə rast gəldiyimiz çoxsaylı nümunələri var. Düşünürəm ki, valideynlər bütün bu məqamlarla bağlı övladları ilə vaxtında söhbətlər aparıb, onlara sevgi ilə yanaşıb, dinləyib, hər bir çətin anlarında dəstək olsalar, problemlərdən birgə çıxış yolları axtarsalar, bu kimi bədbəxt hadisələr yaşanmaz”.
A.Musayeva vurğulayıb ki, bir uşağın, yeniyetmənin yaşamaq istəməməsi, canına qəsd etməsi faciədir: "Təəssüf ki, bəzən valideynlər onların bu səssiz fəryadlarını eşitmir, duyarsız, laqeyd davranırlar. Mütəxəssislər də bildirir ki, insanı intihara sürükləyən səbəb stress və depressiyadır. Bir yeniyetmənin intihara meyilli olması böyüdüyü ailədə olan münasibətlərdən, özgüvən azlığından çox asılıdır. Əgər valideyn uşağın şəxsiyyətini alçaldır, onu tez-tez kobud sözlərlə sıxışdırırsa, nəticədə özgüvəni aşağı olan bir övlad yetişdirmiş olur. Belə bir mühitdə böyüyən uşaq isə təbii ki, üzləşdiyi hər hansı çətinliklərə tab gətirməyərək tez ruhdan düşür, özünə qapanır və yaşadığı ağır depressiyadan çıxa bilmir. Nəticədə psixoloji zəiflik göstərərək, intihara əl atır”.
Mərkəz rəhbəri hesab edir ki, bu məsələ cəmiyyət olaraq insanları ciddi düşündürməlidir: "Uşaqlar və yeniyetmələr arasında intihar halları ilə bağlı dərin tədqiqatlar aparılmalı və müvafiq dövlət qurumları zəruri addımlar atmalıdır. Burada təbii ki, məktəb –ailə münasibətlərinin inkişaf etdirilməsinə böyük ehtiyac var. Orta məktəblərdə şagirdlərə psixoloji xidmət gücləndirilməlidir. Son illər bununla bağlı bir çox tədbirlər görülsə də, bəzi məktəblərdə bu işə ya dırnaqarası baxılır, ya da psixoloqlar vəzifələrinin öhdəsindən yaxşı gələ bilmirlər. Məktəb psixoloqlarının uşaqlarla işləməsi, hər gün onların davranışlarını müşahidə edib təhlil aparması, onlarla yaxından ünsiyyət qurması intihar halların qarşısını ala bilər. Düşünürəm ki, məktəblərdə mütəmadi olaraq bu cür təlimlər keçirilməli, orta təhsil müəssisələrində psixloqların ştat sayı artırılmalıdır. Bütün bunlarla yanaşı, ailələr uşaq və yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə xüsusi diqqət yetirməli, onları zərərli təsirlərdən qorumalıdırlar”.