Bakıda keçirilməsi planlaşdırılan “Georgi lenti” aksiyası ləğv edilib
29.04.2022
Aprelin 30-da Bakının mərkəzində keçirilməsi planlaşdırılan "Georgi lenti” aksiyası ləğv edilib.
Bu barədə Bakıdakı Rus Evinin dəstəyi ilə keçirilən aksiyanın təşkilatçısı olan "Azərbaycanın Rus Gəncləri Assosiasiyası” İctimai Birliyindən məlumat verilib.
Qeyd edək ki, aksiya barədə anons sosial şəbəkələrdə hiddətlə qarşılanıb, ilk növbədə ona görə ki, son illərdə "Georgi lenti” simvolizmi birmənalı qarşılanmır və İkinci Dünya müharibəsindəki qələbəni deyil, daha çox Rusiya Silahlı Qüvvələrinə dəstəyi ifadə etdiyi düşünülür.
Bu günlərdə "Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin media qrupunun baş direktoru Dmitri Kiselyov "Georgi lenti” kampaniyasını başladarkən elan etdi ki, bu il lentin paylanılması Ukraynada hərbi əməliyyatlarda iştirak edən Rusiya hərbçiləri ilə həmrəy olmaq məqsədi daşıyacaq.
Həmçinin Bakı sakinlərinin narazılığı aksiyanın keçirilmə tarixi ilə də əlaqədardır.
İnsanların narazılığı aksiyanın keçirilmə tarixinin Azərbaycan Dövlət Neft Akademiyasında 2009-cu il aprelin 30-da baş vermiş terror aktının ildönümü ilə eyni günə təsadüf etməsi ilə bağlı olub.
Mənbə: 1news.az