Heydərov Sumqayıtdakı yanğınla bağlı iclas keçirib
29.04.2022
Aprelin 29-da Fövqəladə Hallar Nazirliyində (FHN) nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi altında operativ iclas keçirilib.
FHN-in Mətbuat Xidmətindən verilən məlumata görə, iclasda nazir müavinləri və müvafiq struktur bölmələrin rəhbərləri iştirak edib.
İclasda əvvəlcə nazir Kəmaləddin Heydərov Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən "Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi zamanı göstərdikləri fədakarlığa görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın FHN-in əməkdaşlarına təşəkkürlərini çatdırıb.
İclasda "Azərsun Sənaye Parkı”nın ərazisində baş verən yanğının ehtimal olunan başvermə səbəbləri müzakirə olunub, aidiyyəti strukturların rəhbərlərinin məruzələri dinlənilib. Nazir yanğınla bağlı yaradılmış istintaq qrupu tərəfindən hadisənin səbəblərinin hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Həmçinin, bundan əvvəl keçirilmiş iclaslarda verilmiş tapşırıqların davamı olaraq, FHN-in səlahiyyətlərini tənzimləyən normativ-hüquqi aktlarda müvafiq dəyişikliklərin edilməsi ilə bağlı layihələrin hazırlanması istiqamətində görülən işlərə toxunulub, tapşırıqlar verilib.