İlham Əliyevdən istilik təchizatı ilə bağlı SƏRƏNCAM
29.04.2022
Prezident İlham Əliyev istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Energetika Nazirliyi tanınmış beynəlxalq məsləhətçi şirkətlər cəlb etməklə istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi, habelə səmərəliliyin artırılması, bərpa olunan enerji mənbələrindən bu məqsədlə istifadə, xidmət səviyyəsinin yüksəldilməsi, kommersiyalaşdırma və bazar iqtisadiyyatı prinsipləri əsasında sahənin perspektiv inkişaf istiqamətləri üzrə təkliflərini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti doqquz ay müddətində Azərbaycan Respublikası Energetika Nazirliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında "Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və istismarı məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Eyni zamanda, Nazirlər Kabineti enerji resurslarından səmərəli istifadə edilməsi və tikinti obyektlərində optimal istilik təchizatı sistemlərinin tətbiqi məqsədilə isti su və istilik təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktların hazırlanmasını və ya təkmilləşdirilməsini təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
Azərbaycan Respublikasının Energetika Nazirliyinin təklifləri əsasında "İstilik təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.