Bakıda keçiriləcək paradın vaxtı dəqiqləşdi - FOTO
15.09.2018
Bu gün paytaxt Bakıda, Azadlıq meydanında şəhərin azad edilməsinin 100 illiyi münasibəti ilə möhtəşəm parad keçiriləcək.
"Dövran Media" xəbər verir ki, paradda Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyip Ərdoğanın da iştirakı gözlənilir. Paytaxt sakinləri paradı böyük coşqu ilə gözləməkdədir.
Musavat.com səhər saatlarında yüzlərlə vətəndaşın göstərini izləmək üçün paradın keçiriləcəyi Azadlıq meydanı və Neftçilər prospekti istiqamətinə axın etdiyini yazıb. Lakin onlara paradın saat 17:00-da keçiriləcəyi bildirilib.
Hərbi paradın keçirilməsi ilə əlaqədar olaraq Azadlıq meydanı və Neftçilər prospektində qeyd edilən ərazi üzrə kəsişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub və istiqamət dəyişdirilib.
Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri bolşevik işğalından azad edib. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb.