Şuşada “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” beynəlxalq forumu keçirilib
28.04.2022
Şuşada "Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forum keçirilib.
"DM" xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və ADA Universitetinin təşkilatçılığı ilə keçirilən forumda dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertləri, tədqiqatçı-alimlər və media nümayəndələri iştirak edib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Qarabağın işğaldan azad edilməsi ilə yeni mərhələyə qədəm qoyulub.
Onun sözlərinə görə, 30 illik Minsk qrupu prosesi Cənubi Qafqaz regionuna sülh və ədalət gətirə bilmədi: "Baxmayaraq ki, Azərbaycan səbr göstərdi, xüsusilə də strateji səbr”.
Hikmət Hacıyev deyib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz tam çəkilməsini tələb edən 4 qətnaməsinə baxmayaraq, danışıqlar prosesi tamamilə faydasız idi: "2020-ci ildə Azərbaycana qarşı təxribatlara cavab olaraq Azərbaycan Ordusu ərazilərin azad edilməsi prosesinə başladı. Şuşaya gəldiyimiz Zəfər yolu əvvəl mövcud deyildi və bura sadəcə meşənin içərisi ilə bir cığır idi. Azərbaycan xüsusi təyinatlıları bu yolla Şuşaya daxil oldular. Şəhər azərbaycanlılar üçün əziz olduğundan onun geri qaytarılması zamanı ağır artilleriyadan, dronlardan istifadə edilmədi”.
Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın Qarabağ regionunun azad edilməsi ilə region yeni mərhələyə daxil olub və Azərbaycan indi gələcəyə fokuslanıb, əməkdaşlıq və inkişaf naminə yeni səhifə açmağa hazırdır.
Prezidentin köməkçisi diqqətə çatdırıb ki, Azərbaycanın azad edilmiş ərazilərində aparılan yenidənqurma işlərinin qarşısındakı başlıca maneə minalardır: "Biz indi yeni mərhələdəyik. Bu, əməkdaşlıq və inkişaf mərhələsidir. Bununla əlaqədar Azərbaycan hökuməti birinci növbədə azad edilmiş ərazilərdə yenidənqurma, bərpa, yenidən inteqrasiya işlərinə başlayıb. Lakin yenidənqurma işləri ilə bağlı bizim yolumuzda böyük maneə var - minalar. Təəssüf ki, 30 il ərzində Ermənistan tərəfi ağac toxumları yerinə, hər addımda minalar basdırıb. Bizim təxminlərimizə görə bu ərazilərdə milyonlarla mina basdırılıb. Bu ərazilərin təmizlənməsi üçün həm böyük maliyyə, həm də insan baxımından resurslara ehtiyac var. Azərbaycan Hökuməti gözlədiyi beynəlxalq ictimaiyyətin də dəstəyi ilə bu gözəl ərazilərin minalardan təmizlənməsində qətiyyətlidir”.
Hikmət Hacıyev qeyd edib ki, azərbaycanlı məcburi köçkünlərin geri qayıdışının təmin edilməsi məqsədilə nəhəng yenidənqurma işlərinə start verilib və bu bölgələrdə yeni şəhər inkişafı konsepsiyaları tətbiq edilir.
O əlavə edib ki, işğalda qaldığı 30 il ərazində Azərbaycanın 9 şəhəri yerlə yeksan edilib və hazırda həmin şəhərlərin, eləcə də yüzlərlə kəndin inşası istiqamətində işlər aparılır.
Forum çərçivəsində Şuşada quruculuq və bərpa mövzusunda "Şuşa-dirçəlişə gedən yol”, həmçinin postmünaqişə dövrünə dair "Əməkdaşlıq, imkanlar və çağırışlar” adlı panel müzakirələri keçirilib.
Forum çıxışlarla başa çatıb.
Aprelin 29-da isə ADA Universitetində "Mina təhlükəsi və məcburi köçkünlərin geri qaytarılması ilə bağlı qarşıya çıxan problemlər” mövzusunda müzakirələr davam etdiriləcək.