Mədəniyyət naziri “Azərbaycan”ın redaksiyasında
14.09.2018
Sonu olmayan bir yoldayıq...
Bu yol tarixi yazmaq, yaratmaq qədər önəmlidir. Bugünkü "Azərbaycan”çılar 100 il öncə tarix yaradanların yolunu davam etdirir. Çoxsaylı mətbuat orqanları sırasında özünəməxsus dəst-xətti, sanbalı ilə seçilən, milli dövlətçilik, azərbaycançılıq ideyaları ilə köklənən, hadisələrə obyektivlik prizmasından yanaşaraq cəmiyyətdə baş verən olayları operativ və dəqiq surətdə oxuculara çatdıran "Azərbaycan” qəzeti 100 yaşını qeyd etməyə hazırlaşır.
Sözlə ifadə olunmayan bir qürur yaşayırıq.
Taleyi ölkəmizin müstəqillik tarixi ilə sıx bağlı olan rəsmi dövlət qəzetinin ad günü təkcə milli jurnalistikamız üçün deyil, bütövlükdə ölkənin ziyalı ictimaiyyəti üçün əlamətdar hadisədir.
Dünən mədəniyyət naziri Əbülfəs Qarayev "Azərbaycan” qəzetinin qonağı oldu, yaradıcı heyətlə görüşərək onları yubiley münasibətilə təbrik etdi.
Milli Məclisin deputatı, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov qonağı salamlayaraq bu görüşün mühüm əhəmiyyət daşıdığını vurğuladı. Qəzet 1918-1920-ci illər ərzindəki nəşri zamanı ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatının ən müxtəlif sahələrini öz səhifələrində geniş şəkildə əks etdirmiş, ümummilli nəşrə çevrilmişdir. "Azərbaycan” milli dövlətçiliyin konkret mənəvi ideoloji dəyərlər sistemi əsasında formalaşdırılmasında, xalqın tarixi yaddaşının və mənəvi irsinin mühafizəsinə xidmət edən fəaliyyətinin həyata keçirilməsində, azərbaycanlı obrazının bütün dünyada tanıdılması üçün zəruri olan qüvvə və potensialın səfərbər olunmasında xüsusi rol oynamışdır.
Azərbaycan Xalq Cümhuriyyəti kimi "Azərbaycan” qəzetinin də ömrü uzun olmamışdır. Qəzet qısa müddət ərzində fəaliyyət göstərməsinə rəğmən xalqın problemlərinə diqqət və qayğı ilə yanaşmış, milli ideallara yüksək sadiqlik nümayiş etdirmişdir. Xalqımız ötən əsrin sonlarına doğru dövlət müstəqilliyini bərpa etdikdən sonra "Azərbaycan” qəzeti yenidən fəaliyyətə başlamış, rəsmi dövlət qəzeti kimi ictimai həyatda layiqli yerini tutmuşdur.
Görüşdə xüsusi vurğulanmışdır ki, "Azərbaycan” qəzeti qədər azərbaycançılıq ideologiyasını, ümumiyyətlə, Azərbaycan anlamının bütün mənəvi psixoloji tərəflərini yaşadan, təbliğ edən ikinci bir qəzet yoxdur. Baş redaktor onu da qeyd etdi ki, ölkənin bütün sahələrdə sürətli inkişafı, aparılan siyasi-iqtisadi islahatlar, qazanılan yüksək uğurlar, dövlət başçısının müstəqil siyasət yürütməsi, Azərbaycanın beynəlxalq aləmdə nüfuz sahibinə çevrilməsi qəzetin səhifələrində daim öz əksini tapır. "Azərbaycan” qəzeti bu gün şərəfli bir missiyanı yerinə yetirir. Baş redaktor dövlətin mədəniyyət siyasətinin uğurla həyata keçirilməsində və onun dövri mətbuatda işıqlandırılmasında rəhbəri olduğu kollektivin də üzərinə böyük vəzifələr düşdüyünü vurğuladı.
Azərbaycan professional musiqisinin banisi Üzeyir bəy Hacıbəylinin eyni zamanda bu qəzetin redaktoru olması təbii ki, böyük qürur doğurur. AXC-nin mövcud olduğu iki ilə yaxın dövr ərzində "Azərbaycan”ın dörd redaktoru olub ki, onların da ömürləri qısa, taleləri ağrılı-acılı olub. Baş redaktor təəssüf hissi ilə qeyd etdi ki, həmin müddət ərzində "Azərbaycan”ın buraxılan 443 nömrəsinin heç də hamısı əldə deyil: "Prezident Kitabxanası, Akademik Kitabxana, Milli Kitabxana kimi nüfuzlu mədəniyyət müəssisələri ilə sıx əməkdaşlıq şəraitində qəzetin müəyyən nömrələrinin fotosurətlərini çıxardaraq arxivləşdirmişik. Qəzetin son 27 illik nömrələrindən ibarət 5 dəstini mühüm dövlət statuslu kitabxanalara vermişik. Bu qəzetin 100 illik tarixi yoluna nəzər saldıqda qürur hissi keçirməmək mümkün deyil. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu dövrdə, eləcə də Prezident İlham Əliyevin ölkə rəhbəri seçildikdən sonrakı illərdə respublikamızın uğurları, hərtərəfli inkişafı bu qəzetin nömrələrinin əsas mövzusuna çevrilib. Belə bir dövri mətbu orqanının nə qədər böyük əhəmiyyət kəsb etdiyi məlumdur”.
Baş redaktor redaksiya ilə Mədəniyyət Nazirliyi arasındakı əməkdaşlığın genişləndirilməsi zərurətinə də toxunaraq bunu inkişaf etdirməyin vacibliyini bildirdi. Bəxtiyar Sadıqov əlavə etdi ki, jurnalistlərimiz yalnız qəzet buraxmaqla öz vəzifələrini bitmiş hesab etmirlər. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlətimizə və xalqımıza misilsiz xidmətlərini tarixiləşdirmək, hər iki liderə xalqın məhəbbətini yaddaşlarda möhkəmlətmək üçün onların həyat və fəaliyyətlərindən bəhs edən kitablar da hazırlayıb nəşr etdiriblər.
Nazir Əbülfəs Qarayev "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqova və rəhbəri olduğu kollektivə qloballaşan dünyada mətbuatın üzərinə düşən missiyanı şərəflə daşıdığına görə təşəkkürünü bildirdi. Xüsusi vurğuladı ki, "Azərbaycan” hər iki dövrdə milli problemlərin səsləndirildiyi möhtəşəm tribunaya çevrilmiş, həmin zamanların nüfuzlu ziyalılarının istək və arzularını əks etdirmişdir: "Moskvada aspiranturada oxuduğum illərdə gizli arxivlərin materialları ilə tanışlığım zamanı "Azərbaycan”ın da əməkdaş və müəllifləri olan böyük ziyalılarımızın milli ideallara yüksək sadiqlik nümayiş etdirməsinin bir daha şahidi oldum və bu, məni heyran qoydu. Həmin ziyalıların bu ali məqsədlər uğrunda apardıqları mübarizədə üz tutduqları, güvəndikləri ən ali tribuna "Azərbaycan” qəzeti olmuşdur”.
Nazir bildirdi ki, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu Azərbaycanın humanitar sahədəki təcrübəsi son dövrlər dünya xalqlarının marağına səbəb olub. Mədəni dəyərlərin öyrənilməsinin və onlardan istifadə edilməsinə daha çox diqqətin ayrılmasının səbəbləri var. Mədəniyyət xalqları bir-birinə daha çox yaxınlaşdırır. Mədəni əlaqələrin daha da genişlənməsi xalqlar arasında ünsiyyəti vacib faktor kimi ortaya çıxarır: "Son illər ölkəmiz həm Qərbin, həm də Şərqin mədəniyyət məsələlərinin aparıcı rol oynadığı beynəlxalq qurumlarda fəal iştirak edir. Azərbaycan bu sahədə, demək olar ki, hər il beynəlxalq mədəni konvensiyaya, təşəbbüsə qoşulur, onun icrasına dəstək verir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyət sahəsindəki xidmətləri isə, əvəzsizdir. Azərbaycan dövləti daxil olduğu beynəlxalq qurumlarda yalnız öz mədəniyyətini təbliğ etmir. Eyni zamanda, dünya mədəniyyətinə sanballı töhfə verir və onun yaranmasında və inkişafında xalqımızın yaxından iştirakını təmin edir”.
Ə.Qarayev onu da diqqətə çatdırdı ki, son zamanlar həm maddi, həm də qeyri-maddi mədəni irsin dünyaya təqdim olunmasında böyük hadisələr baş verir. Xalqımıza məxsus muğam, aşıq, xalça sənətlərinin dünya mədəni irs siyahısına salınması, milli bayramımız Novruzun xalqımızın mədəni sərvəti kimi dünyaya təqdimi, onun BMT-nin qeyri-maddi mədəni irs siyahısına əlavə edilib beynəlxalq status qazanması mənəvi sərvətlərimizə sahibliyimizin bariz nümunəsidir. Bütün bunları isə "Azərbaycan” qəzeti daim öz səhifələrində diqqət mərkəzində saxlayır. "Azərbaycan” qəzetinin tarixi mədəniyyət və mətbuat tariximizin parlaq səhifəsidir”.
Görüş zamanı qeyd edildi ki, sentyabrın 15-i "Azərbaycan” qəzetinin 100 yaşı tamam olduğu gündür. Bu əlamətdar tarixdə eyni zamanda, Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin də 100 illiyidir. 5 gündən sonra - 18 sentyabr dahi Üzeyir bəy Hacıbəylinin anadan olduğu gündür. Üzeyir Hacıbəyli "Azərbaycan” qəzetinin redaktorlarından biri olub. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2014-cü il sentyabrın 15-dən keçirilən Üzeyir bəy Hacıbəyli Beynəlxalq Musiqi festivalları nəinki Azərbaycanın, iştirakçı ölkələrin də mədəniyyət tarixinə yazılır.
Tədbirdə bir daha vurğulandı ki, Azərbaycan mədəniyyəti həmişə bəşəriyyətə açıq olub. Ölkəmizin dünya mədəniyyətinə inteqrasiyasında kifayət qədər böyük təcrübəsi var. Bütün bunlar "Azərbaycan” qəzetinin səhifələrində geniş əksini tapıb.
Sonda "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov redaksiya tərəfindən buraxılan, ulu öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə xalq məhəbbətinin ifadəsi olan nəşrləri hədiyyə etdi.
Mədəniyyət naziri Əbülfəs Qarayev isə 100 illik yubiley münasibətilə kollektivə nazirliyin təbrik məktubunu təqdim etdi, Azərbaycan incəsənətinin incilərindən olan gözəl bir rəsm əsərini, həmçinin xalçaçılığa həsr edilən, nəfis tərtibatlı "Azərbaycan xalçaları İrəvan qrupu”nu redaksiyaya hədiyyə verdi.