Niderland Azərbaycanla minatəmizləmə prosesində əməkdaşlıq edir
27.04.2022
COVID-19-a görə Niderland şirkətlərinin Azərbaycanda fəaliyyətləri bir qədər azalmışdı, lakin onlar indi yenidən fəaliyyətlərini artırmaq niyyətindədirlər.
"Devran Media" xəbər verir ki, bu barədə Niderlandın Azərbaycandakı səfiri Paulin Eizema bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Səfir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Niderland şirkətlərinin aktiv fəaliyyətinin olmamasına da münasibət bildirib. Diplomat qeyd edib ki, bu təhlükəsizliklə bağlıdır.
"Bildiyiniz kimi, bu ərazilər keçmiş münaqişə zonasıdır, mina təhlükəsi var. Ancaq düşünürəm ki, Niderland şirkətləri Azərbaycanla minatəmizləmə sahəsində əməkdaşlıq edə bilər. Qeyd etmək istəyirəm ki, artıq minatəmizləmə prosesində ANAMA ilə əməkdaşlıq edən Niderland şirkəti var. Şəhərlərin tikilməsi və bərpası məsələsində ölkəmizin təcrübəsi var, biz bu sahədə töhfə verə bilərik”, - səfir əlavə edib.
Diplomat Niderlandla Azərbaycan arasında gələcək münasibətlər barədə optimist olduğunu diqqətə çatdırıb: "Xalqlararası münasibətlər, qadınların sülh prosesində iştiraka cəlb edilməsi, bərpaolunan enerji, kənd təsərrüfatı, gender bərabərliyi və s. sahələrdə əməkdaşlıq edə bilərik”.