ABŞ və Rusiya nümayəndəsi eyni vaxtda Bakıda
26.04.2022
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında dünən baş tutan ikinci telefon danışığı, Endryu Şoferin və Rusiyanın Qarabağ üzrə xüsusi nümayəndəsi İqor Xovayevin Bakıya səfəri yaxın vaxtlarda Bakı və İrəvan arasında çox ciddi razılaşmaların şahidi ola biləcəyimizi göstərir.
Bu sözləri Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, Ermənistanın ətrafında olan güclər də Paşinyana təzyiqləri gücləndirib:
"Qarabağ məsələsi ətrafında baş verən hadisələr fonunda İrəvanda mitinqlər səngimir. Etiraz mitinqlərinin əsas təşkilatçıları olan Sərkisyan və Köçəryan isə bir kənarda dayanıb İşxan Saqatelyan, David Tonoyan kimi ikinci, üçüncü dərəcəli şəxsləri önə veriblər. Rusiyanın çətiri altında olan sözügedən qüvvələr Türkiyə ilə Ermənistan, eyni zamanda Azərbaycan ilə Ermənistan arasında nizamlama prosesini əngəlləməyin qeyri-mümkün olduğunu düşünürlər, ona görə də əsas gücü xüsusilə paytaxtda "izdihamlı” mitinqlər keçirmək yolu ilə Paşinyanı devirməyə yönəltməyə çalışırlar. Lakin statistikaya diqqət yetirsək, əhalinin 70-80 faizinin Paşinyanı dəstəklədiyini görərik. Çünki birincisi, erməni xalqı müharibədən qorxur, müharibənin onlara necə aqibət yaşatdığını gördülər. İkincisi isə sosial və iqtisadi məsələlərlə bağlıdır”.
Politoloqun fikrincə, ABŞ, Avropa Birliyi və Rusiyanın bölgədə aktivləşməsi, nümayəndələrini buraya göndərməsi Ukraynadan sonra Cənubi Qafqazda geosiyasi rəqabətin güclənəcəyinin əlamətidir:
"Lakin Ukraynadakı hadisələrdən fərqli olaraq bütün güc mərkəzləri rəsmi Bakının qüvvələr balansını qoruyacaq rasional siyasət yeridəcəyini bilir. Əlbəttə, burada ən əsas məsələ ölkəmizin də mənfəətlərinin və milli təhlükəsizlik maraqlarının qorunmasıdır. Digər tərəfdən Bayramov və Mirzoyan arasında üçüncü tərəf olmadan birbaşa telefon danışığının gerçəkləşməsi çox müsbət haldır. Çünki tərəflər açıq şəkildə bir-birilərinə fikirlərini bildirmək, problemli məsələləri aydınlaşdırmaq imkanı tapırlar. Bölgədə yeni səhifə açıla bilər”.