Hərəkətsiz olan avtomobillərin alışma halları ARTIR: Səbəb nədir? - VİDEO
25.04.2022
Havalar isinən kimi avtomobillərin qəfildən alışması halları qeydə alınır. Son günlər Bakıda və rayonlarda bir neçə avtomobil hərəkətsiz olduğu halda alışıb.
"Xəzər Xəbər”in məlumatına görə, Suraxanı rayonunda hərəkətsiz vəziyyətdə olan avtomobil qəfildən alovlanıb.
Avtomobil sahibi və ətrafda olanlar dərhal yanğına müdaxilə ediblər. Hadisə yerinə gələn yanğınsöndürənlər alovu ram ediblər.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, yanğın avtomobilin mühərrik hissəsində olub.
Bənzər hadisə Zaqatala rayonunda da olub. Təmir sexində dayanan avtomobil qəfil alışıb. Hadisələr zamanı xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinin sahibinə külli miqdarda ziyan dəyib. Maraqlısı budur ki, payız və qış aylarında nəqliyyat vasitələrində belə hadisələrə nadir hallarda rast gəlinir. Son günlər havaların bir az isinməsilə belə hallar artır.
Mövzu ilə bağlı danışan avtomobil ustası bildirib ki, yanğınlar adətən avtomobilin elektrik naqilləri və yanacaq sistemindən mühərrikə gedən borulardakı nasazlıq nəticəsində əmələ gəlir.
Ustanın fikrincə, istehsal ili 5 ildən çox olmayan avtomobillərdə baş verən yanğınlar adətən məsuliyyətsizlik səbəbindən yaranır.
Ustalar məsləhət görürlər ki, sürücülər avtomobilin mühərrik hissəsinə əlavə vasitələr qoymamalı və yaranan xırda nasazlığa həssas yanaşmalıdırlar.