Tovuz quşu - Allahın əsəri
03.02.2018
Bütün canlılar təkrarolunmaz görünüşə malikdir. Təbiətin bir parçasına çevrilmiş heyvanlar və quşlar içərisində öz gözəlliyi ilə seçilənlər az deyil. Gözəllikdən söz düşəndə ilk növbədə quşlardan tovuz quşu yada düşür.
Al-əlvan lələklərdən ibarət quyruqları onlara xüsusi gözəllik verir. Başı və boynu mavi olan tovuz quşunun bəzəkli lələkləri yelpik kimi açılanda 120-130 santimetrə çatır. Ən çox mavi tovuz quşları məşhurdur. Onun bədəninin uzunluğu 100-120 santimetrdir. Maraqlıdır ki, əlvan lələkli quyruq yalnız erkək tovuz quşlarında olur. Dişi tovuz quşları adi hind quşlarına bənzəyirlər, bədən ölçüləri də erkəklərə nisbətən daha kiçik olur.
tovuz quşunun üç növü məlumdur və onlardan ən çox tanınanı Hindistandakı tovuz quşlarıdır. Həmin quşlar Hindistan faunasının rəmzi hesab olunur. Yava və Tonqа adlı tovuz quşları Şri-Lanka və tropik meşələrdə yayılır. Yava tovuz quşu Ümumdünya Təbiəti Mühafizə Təşkilatı tərəfindən nəsli kəsilməkdə olan heyvanlar siyahısına daxil edilib. Lakin onun görünüşünə görə digərlərindən fərqlənən qarışıq növü də var. Həmin növün quşlarının bədənləri və quyruqları gözoxşayan rəng çalarlarına malik deyil. Onlar sanki ağ örtüyə bürünmüş mutant albinos tovuz quşlarıdır.
Tovuz quşları adətən ağacda yatırlar. Quyruqlarının ağır və uzun olmasına baxmayaraq, əla uçmaq qabiliyyətinə malik olurlar. Onu adətən dekorativ quş kimi bəsləyirlər. Roma imperiyasında tovuz quşunun əti varlı ailələrinin süfrəsində ən gözəl yemək hesab edilirdi. Gözəlliyi dillərdə dastan olan təbiət gözəli daha çox Şri-Lankada və Sumatra adalarında yayılıb./Azertac/
DM