Hikmət Hacıyev UNESCO-nu tənqid edib
22.04.2022
"Diasporumuz Azərbaycanda mina problemini bəşəriyyətin problemi kimi qaldırılmalıdır”.
Bunu bu gün Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində "Post-müharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda panel iclasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
Hikmət Haıcyev qeyd edib ki, beynəlxalq təşkilatların Azərbaycana minalardan təmizləmə sahəsində dəstəyi qənaətbəxş deyil.
"Bizə qarşı o iddialar da irəli sürülür ki, guya biz ermənilərin mədəni abidələrini dağıdırıq. "Oğru elə bağırdı, doğrunun bağrı yarıldı” məsəli yada düşür. Təəssüf ki, UNESCO ilə Azərbaycan arasında danışıqlar bu gün də davam edir. Biz hələ işğal dövründə UNESCO-nu dəvət edirdik ki, işğal olunmuş ərazilərdə mədəniyyət abidələrimizin durumu araşdırılsın. Deyirdilər ki, biz siyasi məsələlərə qarışmırıq. İndi isə deyirlər ki, məsələn, yol boyunca birinci, ikinci abidələrə baxacağıq, digərlərinə baxmayacağıq. Necə olur ki, A və B məntəqələrinə baxırsan, digərlərinə baxmırsan?”