Kamran Əliyev Füzulidə vətəndaşları qəbul edib - FOTO
21.04.2022
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən xəbərə görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev aprelin 21-də Füzuli rayon prokurorluğunun inzibati binasında Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Kamran Əliyev bölgədə yaşayan 35 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Qəbuldan sonra Baş prokuror Füzuli və Xocavənd rayon prokurorluqlarının işçiləri ilə, eləcə də Füzuli hərbi və Beyləqan rayon prokurorluqlarında olmaqla əməkdaşlarla görüş keçirmiş, bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilmiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları diqqətə çatdırılıb.