Həftələrdir dünyanın ən çox danışılan mövzusuna çevrilən Rusiyanın Ukraynada apardığı hərbi əməliyyat hər gün yeni detalları ilə diqqət çəkməkdədir.
Müharibənin gedişatı barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Baku TV-yə maraqlı açıqlamalar verib.
O, hərbi əməliyyatın əhatə etdiyi reallıqlar, Rusiya ilə sülh danışıqlarının gələcək taleyi, eyni zamanda dünya gündəmini zəbt edən bu durumun nə vaxt, nə ilə bitəcəyi ilə bağlı sualları cavablandırıb.
Vladimir Putinin hadisələri obyektiv şəkildə qiymətləndirə bilmədiyini deyən Podolyak Rusiya-Ukrayna danışıqlarının çox ləng getdiyini və yaxın zamanda iki ölkə nümayəndə heyətləri arasında görüşün gözlənilmədiyini deyib.
Podolyak müharibənin 2035-ci ilə kimi davam edəcəyi ilə bağlı fikirlərə də münasibət bildirib. O, hərbi əməliyyatın daha dağıdıcı olacağını, lakin uzun çəkməyəcəyini vurğulayıb. Ukraynanın dostları siyahısında Azərbaycanın da yer aldığını qeyd edən Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri ölkəmiz tərəfindən göndərilən humanitar yardımlara görə xalqımıza təşəkkürünü bildirib.
"Rusiya Ordusu Kiyevi heç bir halda ələ keçirə bilməyəcək”, - deyən Podolyak qeyd edib ki, paytaxta hələ də qanadlı raketlər atıldığından əhali şəhərə qayıda bilmir.