Elçibəyi təhqir edən aparıcı haqda: “Bu tərbiyə ailədən qaynaqlanır”- Deputat
12.09.2018
Azərbaycanın müxtəlif sahələrində inkişafa nail olmuş, tarixə adını yazdırmış məşhur simaların dar çərçivədə tanınan adamlar tərəfindən təhqir olunması artıq trendə çevrilib. Maraqlıdır ki, bu qəbidən olan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Səməd Vurğun, Cəfər Cabbarlı kimi dahilər hansısa "qələm sahibi”nin təhqirinə tuş gələndə, onlardan əskilən nəsə olmadı. Əksinə, əskilən, qələminin mürəkkəbi quruyan elə təhqirə yol verənlərin özü oldu.
Bu günlərdə "Xəzər" televiziyasının aparıcısı, "Tolik" kimi tanınan prodüser Tarix Əliyev də təhrir trendinə qoşulub. Sosial şəbəkələrdə Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyi öz aləmində təhqir etməsilə bağlı yazışmaları yayılıb.
Onu da qeyd edək ki, Tolikin Azərbaycanın sabiq prezidenti haqqında aşağılayıcı və təhqiramiz fikirləri insanları qıcıqlandırıb. Necə deyərlər təsir, əks-təsirə səbəb olub...
Sosial şəbəkələrdə də bir TV aparıcısının eks-prezidenti təhqir etməsindən hiddətlənənlər müzakirələr açıblar, Tolikin cəzalandırılması tələb olunur.
Məsələ ilə bağlı danışan Elçibəyin silahdaşı olmuş deputat Fazil Mustafa bildirib ki, müxtəlif vaxtlarda Əbülfəz bəyi qəbul etməyən, fikirlərini bəyənməyənlər tərəfindən təhqirlərə, tərbiyəsizliklərə yol verilib:
"Zaman da həmin tərbiyəsizliyi, təhqiri o adamların öz üzərinə çevirib. Ona görə də bunların üzərində çox durmaq lazım deyil. O insanı, onun dünyagörüşünü qəbul edib-etməmək adamın öz seçimidir. Amma bu əsas vermir ki, sən o insanı təhqir edib alçaldasan. Vəfat etmiş şəxslər haqqında bu formada gedən danışıqlar insanın mədəni formasının təzahürüdür. Ona görə də belə məsələləri ictimai qınağın öhdəsinə buraxmaq lazımdır.
Ən azı Avropada, Amerikada ölkənin rəhbəri olmuş şəxs haqqında etikadan kənar söz, ifadə, davarnış, münasibət sərgiləməməyə çalışırlar. Bu, qınanılası haldır. Hesab edirəm ki, ictimai qınaq öz təsirini göstərəcək. Azərbaycanda belədir də, kim kiminsə himayəsi altındadırsa, elə bilir hər mövzuya girişib fikir bildirə bilər. Amma qınaq olsa, başqaları bundan ibrət götürüb belə səhvə yol verməzlər”
Deputat son vaxtlar bəzi gənclərin Azərbaycanın mədəniyyət, ədəbiyyat, təhsil, siyasət sahələrinin inkişafında rol oyanamış və dünyasını dəyişmiş şəxslər barədə təhqirə yol verməsinin tərbiyədən, təhsildən, ümumi dünyagörüşündən, ailə institutundan qaynaqlandığını vurğulayıb:
"Təəssüf ki, getdikcə yetkin adamların sayı azalır. Gənclərin sağlam yetişmə mühiti olmadığına, bağçalarda, orta məktəblərdə sağlam təlim-təhsil verilmədiyinə görə vəziyyət bu yerə gəlib çıxıb. Müəllimə qarşı da təqribən münasibət belədir. Dünən Türkiyədən mənə mətn göndərilmişdi. Şagird öz müəllimini öldürüb. Bilirsiniz, şagirdin müəllimini öldürməsi öz gözünü kor etməsidir. Şagirdin müəlliminə bu formada yaxınlaşa bilməsinin özü psixoloji amillərlə bağlı məsələdir. Çünki müəllimin müqəddəsliyi itəndə onu öldürmək də asan olur.
Maraqlıdır ki, bizdə də Əbülfəz Elçibəyə, Məhəmməd Əmin Rəsulzadəyə münasibət bu cürdür. Rəsulzadə haqqında da bu cür hədyan danışanlar ortaya çıxır. Amma baxırsan ki, onu yazanlar Rəsulzadənin, Elçibəyin ömrünün bir anına belə dəyməyən miskin varlıqlar, kimliklərdir. Cəmiyyətdə bu tendensiyanı durdurmaq lazımdır. Bu gün Azərbaycanın ayaq üstə dayanmasında rolu olan və rəhmətə getmiş üç siyasi fenomen var. Bunlardan biri Məhəmməd Əmin Rəsulzadə, ikincisi Əbülfəz Elçibəy, üçüncüsü Heydər Əliyevdir. Bu üçü ilə bağlı diqqətli olmaq lazımdır. Onlar dövlət quruculuğu yolunda möhür vurmuş şəxsiyyətlər olduğuna görə təftiş, tənqid etmək, baxışlarını yeni prizmadan dəyərləndirmək olar. Amma təhqir etmək, ədəbsizlik yolverilməzdir.
Biz özümüz də Əbülfəz Elçibəyin bəzi baxışlarına yeni nöqteyi-nəzərdən baxırıq. Azərbaycan gəncliyinə, Azərbaycan insanına birmənalı şəkildə yeritmək lazımdır ki, bunlar, bu gün sənin ayaqüstə rahat gəzdiyin, müəyyən dərəcədə qürur duyduğun, bayrağı, himnilə fəxr etdiyin dövlətin var olması üçün möhür vurmuş şəxsiyyətlərdir. Ona görə də bu məsələdə diqqətli olmaq hamımızın borcudur”.