Podolyak Peskova cavab verib: İndi bizim növbəmizdir
20.04.2022
Ruslar çox vaxt ictimai bəyanatlardan yalnız məcburi təzyiq elementi kimi istifadə edirlər.
Bunu Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Dmitri Peskovun Rusiyanın Ukraynaya nizamlanma sənədi layihəsini verdiyi, lakin Kiyevin reaksiya verməyə tələsmədiyi barədə sözlərinə cavab olaraq deyib.
"Mənə elə gəlir ki, bu və ya digər rus spikerlərindən mənbə kimi istifadə etmək olmaz. Yalnız Ukrayna tərəfinin rəsmi hesabatlarına etibar etmək lazımdır. Çünki ruslar çox vaxt ictimai bəyanatlardan yalnız məcburi təzyiq elementi kimi istifadə edirlər”, - Podolyak bildirib.
O xatırladıb ki, Ukrayna İstanbul raundu çərçivəsində düzgün həll yolları ilə bağlı təkliflərini qarşı tərəfə təqdim edib:
"Biz ölkəmizin bundan sonrakı təhlükəsizlik təminatları ilə bağlı sənədi də vermişik. Rusiya tərəfi təklifləri öyrənib və mövqeyini bildirib. İndi öyrənmək, müqayisə etmək, nəticə çıxarmaq bizim növbəmizdir”.
Qeyd edək ki, Peskov Rusiyanın Ukraynaya nizamlanma sənədi layihəsini təhvil verdiyini, lakin Kiyevin reaksiya verməyə tələsmədiyini bildirib.