Aygül Japarova Heydər Əliyev Mərkəzində
20.04.2022
Qırğız Respublikasının birinci xanımı Aygül Japarova aprelin 20-də Heydər Əliyev Mərkəzi ilə tanış olub.
"Devran Media" xəbər verir ki, qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.
Qonaq əvvəlcə Ulu Öndərin istifadə etdiyi avtomobillərə baxıb.
Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi Qırğız Respublikasının birinci xanımı Aygül Japarovanın böyük marağına səbəb olub. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində açılmış bu muzeyin "Fotoşəkillərdə əks olunmuş həyat”, "Azərbaycanın ictimai-siyasi həyatı”, "Dövlətçilik, irs, nailiyyətlər” adlı bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də ölkəmizin müstəqilliyi illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur. Hər bir mövzu üzrə materiallar Azərbaycan və ingilis dillərində təqdim edilir.
Qırğızıstanın birinci xanımı Aygül Japarova Mərkəzdə "Azərbaycan inciləri” sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş olunur. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə - səsli formada təqdim edilir. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.
"Musiqi alətləri: birlik və müxtəliflik" guşəsində də olan Qırğızıstanın birinci xanımı qaval daşını səsləndirib. O, "Mini Azərbaycan” və "Kukla incəsənətdə” guşələri və konfrans zalı ilə tanışlıqdan məmnunluğunu bildirib.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan xoş təəssüratla ayrılan Qırğız Respublikasının birinci xanımı Aygül Japarova Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.