Paşayeva Özbəkistanda komitə sədrləri ilə görüşüb
19.04.2022
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Özbəkistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində Özbəkistan Ali Məclisinin Elm, Təhsil, Mədəniyyət və İdman komitəsinin sədri Erkin Zahidov ilə görüşüb.
"DM" xəbər verir ki, daha sonra komitə sədri Daşkənddə qardaş ölkənin bir qrup böyük alimləri, akademikləri, tanınmış ziyalıları ilə görüşüb.
İki qardaş ölkə ziyalıları arasında əlaqə və əməkdaşlığın daha da güclənməsinin vacibliyinin vurğulandığı görüş zamanı Mədəniyyət komitəsi və "Nəfəs" İB adından onlara Qarabağ motivli xatirə hədiyyələri, Qənirə xanımın müəllifi olduğu kitablar və tanınmış azərbaycanlı ziyalıların əsərləri hədiyyə olunub.
Q.Paşayeva böyük alimləri, akademikləri, tanınmış ziyalıları ölkəmizə dəvət edib və onlara Mədəniyyət paytaxtımız Şuşadan danışıb.
Millət vəkili eyni zamanda Özbəkistanın Ailə və Qadın məsələləri üzrə Dövlət Komitəsini ziyarət edib, təşkilatın sədri və qardaş ölkənin fəal qadınları ilə geniş fikir mübadiləsi aparıb. Q.Paşayeva iki qardaş ölkə arasında münasibətlərin daha da inkişafında qadın təşkilatlarının, fəal qadınların da üzərinə böyük işlər düşdüyünü vurğulayıb, özəlliklə gənc nəsillərimizin bir-birini daha yaxından tanımasına, qadın təşkilatlarımız, fəal qadınlarımız arasında ortaq layihələrin artmasının vacibliyini xüsusi vurğulayıb.
Qənirə Paşayeva, "Nəfəs” İB-nin sədri Firəngiz Balakişiyeva və nümayəndə heyəti üzvləri onlara Qarabağ motivli hədiyyələr təqdim ediblər. Q.Paşayeva habelə müəllifi olduğu "Addım-addım Özbəkistan”, özbəkcə gün üzü görmüş, Qarabağ hekayələrinin toplandığı "İtirdiyim xoşbəxtlik” kitablarını, digər çoxsaylı nəşrləri hədiyyə edib.