Mübariz Qurbanlı Aşura ilə bağlı çağırış etdi
11.09.2018
"Azərbaycanda dövlət-din münasibətləri dünyəvilik prinsipi əsasında həyata keçirilir.
"Dövran Media"nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini mərasimlər: ənənəvilik və müasirlik” adlı konfransda deyib.
Komitə sədri bildirib ki, sovet dövründə dini mərasimlərin həyata keçirilməsinə maneçilik törədilirdi, lakin Azərbaycan müstəqillik əldə edəndən sonra dövlət-din münasibətləri öndə duran məsələlərdən idi və dövlətin din sahəsində siyasəti də Azərbaycan konstitusiyasında təsbit olundu.
Komitə sədri vurğulayıb ki, istər İslam, istər qeyri-islam dini olsun, dövlət dini mərasimlərin necə keçirilməsinə qarışmır və din də dövlət siyasətinə müdaxilə etmir:
"Bizdən kənar ölkədə hansısa bir fətva verilirsə, bu bizə şamil edilə bilməz. Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvalara əməl olunur”.
M.Qurbanlı əlavə edib ki, kənardan kimsə nəsə görüb gətirib Azərbaycanda tətbiq etməməlidir:
"Birincisi qanun buna imkan vermir, biz öz yolumuzla gedirik. Bizim üçün dövlət müstəqilliyimiz, azərbaycançılıq ideoligoyası bizim üçün müqəddəsdir, dinimiz bizim mənəvi dəyərlərimizdir və biz bunu qorumalıyıq. Məhərrəm ayı başlayır və bütün tədbirlər, o cümlədən Aşura mərasimləri yalnız QMİ-nin fətvası əsasında keçirilməlidir, vətəndaşlarımız da qanundan kənar hərəkətlərə yol verməməlidir, bütün tədbirlər məscidlərin daxilində olmalıdır, kənar atributlar məscidlərə gətirilə bilməz”.