Səfir : Rusiya Şimali Kipri tanıya bilər?
18.04.2022
Moskvanın Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyacağı ilə bağlı yayılan məlumatlar yalandır.
Bunu Rusiyanın Cənubi Kiprdəki səfiri Stanislav Osadçiy deyib.
"Bu yaxınlarda Yunanıstanın "pronews.gr” internet portalı və "Kathimerini” qəzetində məlumat yayılmışdı ki, Rusiya Şimali Kiprin müstəqilliyini tanıyacaq və bu ölkədə konsulluq açacaq. Demək istəyirəm ki, bu xəbərlər həqiqətə uyğun deyil. Rusiyanın BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Kipr nizamlanması ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. Rusiya Kipr Respublikasının rəsmi orqanları istisna olmaqla, heç bir başqa hakimiyyəti tanımaq niyyətində deyil”, - səfir bildirib.
Onun sözlərinə görə, Rusiya vətəndaşlarına yardımın təkmilləşdirilməsi məsələsi Kipr tərəfi ilə birlikdə hazırlanır:
"Rusiya tərəfi hazırda Kipr Respublikası hökumətinin effektiv nəzarət edə bilmədiyi ərazilərdə yaşayan minlərlə Rusiya vətəndaşına yardımın göstərilməsinin yaxşılaşdırılması yollarını araşdırır. Söhbət təkcə konsulluq xidmətlərindən deyil, həm də rusiyalı vətəndaşlara humanitar, mədəni və maarifləndirici yardımdan gedir. Bu istiqamətdə bütün addımlarımız Kipr Respublikasının rəsmi orqanları ilə razılaşdırılır”.