“Başlıbel qətliamı”: Hadisə iştirakçıları 29 il sonra Kəlbəcərdə
18.04.2022
"Başlıbel qətliamı”nda şəhid olan mülki vətəndaşların bir neçəsinin ailə üzvlərinin və hadisə şahidlərinin qətliamın 29-cu ildönümündə Kəlbəcərə səfəri təşkil edilib.
Səfər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.
Qətliam qurbanlarının ailə üzvləri, şahidlər faciələrin baş verdiyi yerdə olub və şəhidlərin xatirəsini yad ediblər.
Həmin dəhşətli qətliamdan danışan, Birinci Qarabağ müharibəsində tankçı olmuş Məzahir Abbasquliyev bildirib ki, həmin gün Laçından 9 əsgərlə kəndin bir neçə sakinini mağaralarda gizlədib. Onun sözlərinə görə, erməni silahlıları ilə döyüşdə Vüqar Abdullayev adlı döyüş yoldaşı əsl qəhrəmanlıq göstərərək şəhid olub:
"Sonda səkkiz döyüşçü ilə birlikdə qaldıq və 62 mülki şəxsi dağlarda sığındıra bildik. Düşmənə müqavimət göstərərkən erməni quldurları tərəfindən 27 mülki şəxs öldürüldü. Onlar yaşlı Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağayevi işgəncə ilə qətlə yetiriblər. Yaşlı şəxslərdən, qadınlardan və uşaqlardan ibarət 19 nəfər kənd sakini isə Ermənistan hərbçiləri tərəfindən girov götürüldü. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilərək daha 113 gün mühasirə həyatı yaşadı. Mühasirədən çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər - I və II Dünya Müharibəsi iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bu günədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur”.
Birinci Qarabağ müharibəsi iştirakçısı Səlim Mehdiyevin sözlərinə görə, mağaralarda qoruduqları kənd sakinlərinin köməkliyi ilə gizli yolla axşam kəndlərə keçib, azuqə toplayıb və yenidən dağlara çəkiliblər:
"Həmin 62 nəfərdən 48-i Başlıbel, 1-i Taxtabaşı kəndlərinin, 4-ü Laçın rayonunun sakini, 9 nəfər isə kəndi müdafiə edən hərbi qulluqçular olub. Aprelin 18-də içərisində 3 erməni silahlısı olan "Niva” markalı avtomobillə rastlaşdıq. Onların ikisini məhv etdik, lakin biri canını qurtarmağa müvəffəq oldu”.
S.Mehdiyev bildirib ki, növbəti dəfə gələn erməni dəstəsinin üzvləri Azərbaycan dilində yaxşı danışa bildiklərinə görə, kahalardan xeyli sakini girov götürə biliblər:
"Mənim nəzarət etdiyim kahada da ucadan səsləndirirdilər ki "çıxın, ermənilər artıq getdi, tez qaçaq burdan”. Lakin mən onun şivəsindən başa düşdüm ki, çağıran erməni döyüşçüsüdür. Qaçan erməni üstümüzə xeyli qüvvə ilə gəlmişdi. 113 gün acınacaqlı vəziyyətdə mühasirədə qaldıq.1993-cü il aprelin 19-dan sonrakı tarixlərdə isə sağ qalmış 29 nəfər 113 gün mühasirə həyatı yaşadıqdan sonra çətin dağ relyefinə malik yollarla Kəlbəcər rayonunun Çaykənd kəndinə, oradan Tərtər çayını və Qoşqar dağını keçməklə Daşkəsən rayonu istiqamətində meşələrlə irəliləyərək iyul ayında Daşkəsən rayonunun Zivlən kəndinə çatmaqla həyatlarını xilas edə biliblər”.
Qeyd edək ki, sağ qalmış Başlıbel kənd sakinləri sonrakı tarixlərdə iki qrupa bölünməklə müxtəlif mağaralarda gizlənib, həyatları üçün yaranmış təhlükələrə baxmayaraq, 1993-cü il mayın 12-də gecə saatlarında həmyerlilərinin qətlə yetirildiyi mağaraların yanına yaxınlaşıb odlu silahlarla qətlə yetirilmiş 12 nəfərin meyitlərini paltarlı vəziyyətdə iki cərgə (hər cərgədə 6 qəbir olmaqla) qəbirlər qazmaqla dəfn etdikdən sonra hadisə yerindən uzaqlaşıblar.
İşğal dövründə Başlıbel kəndinin əhalisinin sayı 1790 nəfər olub. Kənddə 323 fərdi yaşayış evi, 380 şagird yerlik bir orta məktəb, 45 yerlik uşaq bağçası, 45 çarpayılıq xəstəxana olub. Kənddə işğal dövründə 6 mağaza, 1 hamam, 1 çörək sexi, 1 klub, 1 mədəniyyət evi, 2 kitabxana fəaliyyət göstərib. İşğal dövründə kənddə olan 25 ədəd yük avtomobili, 2 UAZ, 2 sərnişin avtobusu, 5 traktor, onlarla digər kənd təsərrüfatı texnikası kənd ərazisində qalıb. Kənd sakinlərindən heç kəs evindən heç bir əmlak çıxara bilməyib. O cümlədən, 4 500 iri buynuzlu, 12 000 xırdabuynuzlu heyvan, 100 minədək ev quşu, 700 arı ailəsi kənd ərazisində qalıb və ermənilər tərəfindən qarət edilib.