Horadiz-Ağbənd dəmir yolu xəttinin ərazisinin 82 km-i minalardan təmizlənib
15.04.2022
Uzunluğu 110,4 km olacaq Horadiz-Ağbənd dəmir yolu xəttinin keçəcəyi ərazinin 82 km-i minalardan təmizlənib.
Bunu "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) mətbuat katibi Natəvan Bayramova bildirib.
"Qalan ərazi dəmir yolu xəttinin tikintisinin 3-cü mərhələsini əhatə edir. Minalardan təmizlənmə işləri bitdikdən sonra tikinti işləri daha sürətli aparılacaq", - deyə o, qeyd edib.
Bundan başqa, ADY rəsmisinin sözlərinə görə, Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə bağlı işlər də intensiv şəkildə davam etdirilir.
"Perspektiv layihələr arasında Füzuli-Şuşa dəmir yolu xətti də var. Əgər bu layihə təsdiq edilərsə gələcəkdə onun da çəkilişi həyata keçirilə bilər. Eyni zamanda, Kəlbəcər istiqamətində də dəmir yolu xəttinin çəkilişi mümkündür”, - deyə N.Bayramova əlavə edib.