Özbəkistanda beynəlxalq muğam sənəti forumu
11.09.2018
Özbəkistanın Şəhrisəbz şəhərində UNESCO-nun təşkilatçılığı ilə keçirilən beynəlxalq muğam sənəti forumu başa çatıb.
Xəbər verildiyi kimi, forumda dünyanın 73 ölkəsindən gələn 300-dən artıq musiqiçi-xanəndələr, musiqiçi alimlər, muğam sənətinin tədqiqatçıları, ölkənin tanınmış makom ifaçıları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Bu musiqi bayramında ölkəmizi Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib. Azərbaycandan gələn xanəndələr muğam, xalq mahnıları və təsniflərimizi ifa edib, onların ifaları alqışlarla qarşılanıb.Forumun baş mükafatı "Qran-Pri” Tacikistan Muğam Akademiyasına verilib.Birinci yeri "Heyratı” qrupunun solisti Nigar Şabanova və Özbəkistanın "Sakil” ansamblı tutub. İkinci yerə İran və Hindistan musiqiçiləri layiq görülüb. Yaponiya, Türkmənistan və Tunis musiqiçiləri üçüncü yerə sahib olub.Forum çərçivəsində "Muğam sənəti və onun dünya sivilizasiyasında yeri” mövzusunda elmi-praktik konfrans da keçirilib.