Deputatlar buraxılış imtahanlarının nəticəsi ilə bağlı danışdı
13.04.2022
Bu il keçirilən buraxılış imtahanlarında ümumilikdə 92.673 şagird iştirak edib. Maraqlıdır, 5-6 mart tarixində keçirilən imtahanlarda cəmi 2 şagird 300 bal toplaya bilib. 12-13 mart tarixlərində baş tutan imtahanda isə 47.200 şagird arasında 300 bal toplayan olmayıb. Cəmi 3 şagird 297,5 bal yığa bilib. Bəs görəsən nəticələrin bu qədər aşağı olmasında DİM-in payı varmı?
Bu barədə millət vəkilləri arasında sorğu keçirilib.
Deputat Fazil Mustafa bildirib ki, imtahan sualları mürəkkəb ola bilər, amma bu, bəhanə kimi götürülməməlidir:
"Bu məsələdə bilavasitə sualları tərtib edəndə günah görmək düzgün deyil. Bu, həm metodika problemi, həm də şagirdlərin ümumi dünyagörüşünün aşağı olması ilə bağlı məsələdir. İmatahanda Moskva Dövlət Universitetinə qəbul sualları salınmayıb, istənilən halda orta məktəb sualları salınıb. Orta məktəb təhsili almış uşaq bunu bilməlidir. Sualların çətin olması sadəcə bəhanədir. Şagird əzbərlədiyi suallarla qarşılaşmayanda özünü itirir. Halbuki məntiq və mühakimə ilə sualların cavabını tapa bilər. Heç olmasa 50 nəfər 280-dən çox bal toplaya bilməyibsə, demək, bu, təkcə bir təhsil qurumunun işi deyil. Çünki təhsil işinə cəmiyyət də cəlb olunmalıdır”.
Millət vəkili Etibar Əliyev isə qeyd edib ki, buraxılış imtahanlarının builki nəticəsi bütövlükdə məktəb təhsilinin keyfiyyətinin aşağı düşdüyünü göstərir:
"Repetitor xidməti keyfiyyətinin aşağı düşməsi, eyni zamanda pandemiyanın təsirləri bu məsələdə danılmazdır. İmtahan nəticələrinə uyğun təhsilin keyfiyyətini müəyyən etmək olur. Bu, bütün dünya təcrübəsində belədir. Qəbul imtahanlarında 700 bal toplayanların sayına görə təhsil keyfiyyətini müəyyən edə bilirdiksə, eyni qayda buraxılış imtahanları üçün də keçərlidir. DİM tərəfindən tərtib olunan açıq və qapalı tipli tapşırıqlarda təcrübəyə istinad edilir. Bu sualları tərtib edənlər də orta məktəb müəllimləridir. Bura kənardan müəllim gətirilməyib. Münsiflərlə çox vaxt tanış oluram. Düşünürəm, sualların tərtibində 99% proqramdan kənara çıxılmır”.
Buraxılış imtahanlarında ingilis dili fənnindən dinləmə bacarığını yoxlayan test tapşırığının çətin və anlaşılmaz olmasına E.Əliyev belə cavab verib:
"Bunu inkişaf etdirmək üçün kifayət qədər vaxt və vasitələr lazımdır. Bu, xarici dildir, sadə məsələ deyil. Biz təkcə şagird faktorunun üzərində dayanmamalıyıq. Bütün yük şagirdin üzərindədir. Bəs məsuliyyət daşıyan müəllimlər? Bu gün müəllimlərin ingilis dili səviyyəsinin hansı vəziyyətdə olduğunu hamı bilir. Eyni zamanda fizika müəllimlərinin səviyyəsi. Müəllimlərin böyük bir qismi öz üzərində işləmir. Müəllimlərin bilik keyfiyyətinin qiymətləndirilməsi ilə bağlı aparılan monitorinqlərin nəticəsi hanı? DİM bu gün müəllimlərin təklifini gözləyir. Müəllim təklif versə, araşdırılacaq və qəbul olunacaq”.