Azərbaycanda bu şəbəkə şagirdləri məhv edir!
13.04.2022
Nəhayət ki, tam bir ayın tamamında 12-13 mart tarixlərində buraxılış imtahanı verən şagirdlərin nəticələri açıqlandı.
Rəsmi məlumata görə, 12-13 mart tarixlərində baş tutan imtahanda 46.115 nəfər iştirak etməli idi. Onlardan 626 nəfər imtahana gəlməyib, qaydaları pozduğu üçün 16 nəfərin nəticəsi ləğv olunub. Yəni nəticə 45.473 şagirdi əhatə edir.
5-6 mart tarixlərindəki buraxılış imtahanında isə 47.726 nəfər iştirak etməli idi - 513 nəfər imtahana gəlməmişdi, qaydaları pozduğu üçün 13 nəfərin nəticəsi ləğv olunmuşdu. 1 apreldə açıqlanan nəticələr də 47.200 şagirdi əhatə edirdi.
Belə: 4 gün davam edən 2 buraxılış imtahanında ümumilikdə 92.673 şagird iştirak edib. Bu qədər şagirdin içərisində 5-6 mart tarixində keçirilən imtahanlarda cəmi 2 şagird maksimum nəticə göstərib və 300 bal toplayıb, 12-13 mart tarixlərində baş tutan imtahanda isə 47.200 şagirddən heç biri 300 bal toplaya bilməyib, heç 299 və 298 bal toplayan da yoxdur, cəmi 3 nəfər 297,5 bal yığa bilib.
Nə baş verir? Necə olur ki, 45.473 şagirddən heç olmasa 2-si maksimum nəticə göstərə bilir, ancaq 47.200 nəfərdən bircəciyi də 300 bal yığa bilmir?
İmtahanlar haqda məlumatı olanların hər birinə çox yaxşı məlumdur: 12-13 mart tarixlərində keçirilən buraxılış imtahanına salınan suallar 5-6 mart tarixlərinə nisbətən daha çətin idi. Hətta 6 mart sualları 5 martdan, 13 mart sualları 12 martdan daha ağır idi – bunu son bir ayda imtahana aidiyyəti olan hər kəs bilir, yazıb, deyib!
Eyni tədris proqramından çıxan şagirdlərin buraxılış imtahanının bir-birindən fərqləndirilməsi və hər növbəti imtahanda sualların daha da ağırlaşdırılmasında DİM-in hədəfi nədir? Guya bir gün əvvəlki imtahan suallarının yayılması səbəbindən uşaqların daha hazırlıqlı ola biləcəyi "qorxusu”? Bəs, siz hansı haqla sualları qat-qat ağırlaşdırmaqla 13 martda buraxılış imtahanı verən şagirdin haqqını yeyirsiniz? Hansı meyarla?
Suallar bütün şagirdlərə bərabər səviyyədə qoyulmalıdır. Əgər ilk imtahandan sonra sualların yayıla biləcəyi "narahatlığı” varsa, DİM zəhmət çəkib, bundan çıxış yolunu sualların ağırlaşması ilə deyil, fərqli şəkildə tapsın: məsələn, imtahanların hamısını eyni gündə keçirməklə və s. Yoxsa şagirdlərə ünvanlanan sualları getdikcə ağırlaşdırmaqla onların arasında fərq yaratmaq təkcə ədalətsizlik deyil, həm də hüquqsuzluqdur, cəmiyyətə atılmağa hazırlaşan orta məktəb şagirdinin qarşılaşdığı ilk haqsızlıqdır, DİM-in timsalında bu uşaqların aldığı ilk haqsız zərbədir.
Bütövlükdə isə bu qədər şagirddən cəmi 2-cə nəfərin yüksək bal toplaması Azərbaycan təhsil sistemi haqda olduqca mənfi imicin formalaşması istəyindən doğan eybəcər yanaşmadan başqa bir şey deyil. Tam əminliklə deyə bilərik ki, 93 minə yaxın şagirdin içərisində ən yüksək nəticə göstərməyə layiq ən azı onlarla, yüzlərlə şagird var. Orta məktəb şagirdlərinin indiki prinsiplərlə hazırlıq səviyyəsi kifayət qədər yüksəkdir və istənilən peşəkar bunu çox asanlıqla müəyyən edə bilər. Bəs, niyə onlar yüksək nəticələr göstərə bilmir? DİM bu şagirdlərin balını niyə maksimum kəsmək istəyir? Məleykə Abbaszadənin özəlləşdirdiyi şəxsi "kontoru” Emin Əmrullayevin idarə etdiyi təhsil sisteminin bərbad olduğunumu sübut etmək istəyir?
Təhsil sistemində çatışmazlıqlar həddən artıq çoxdur və sistem dəyişdirilməlidir – bu, tamamilə ayrı mövzudur. Ancaq hər kəs yaxşı bilir ki, orta məktəbin, hətta ən yüksəksəviyyəli liseylərin yuxarı sinfində təhsil alan şagirlər ən azı 2 il repetitor yanına gedirlər, universitet səviyyəsində hazırlaşırlar.
DİM-in kiminlə və niyə savaşdığı bəlli deyil, ancaq iki ağanın "xırman davası”nda yaba şagirdlərin başında sına bilməz! 15-16 yaşlı uşaqlar bu qədər istismar edilə, bütün günlərini "test işlənmələrinə” sərf edə bilməzlər! Və bütün bunların nəticəsini görmək arzularını da onların gözündə qoymaq olmaz!
Sanki qəsdən repetitorlaşma yarışı qızışdırılır; sanki qəsdən uşaqlar daha çox yüklənir; sanki qəsdən məktəbdənkənar tədris stimullaşdırılır, kimlərsə məktəbdənkənar təhsildən milyonlar qazanacaq deyə, yeniyetmələrin həyatı alt-üst edilir.
Mütləq dəyişməlidir bu sistem! Hər şey DİM və Təhsil Nazirliyinin birləşməsindən başlamalıdır.
Ali məktəblər yeniyetmələrin üzünə açılmalı və insanlara ali təhsil hüququ verilməlidir!
Təhsil – biznes maraqlarından xilas olmalıdır, repetitorluğun ildən-ilə çiçəklənməsinə şərait yaradan və uşaqları məktəbdən soyudan bu bəla bitməlidir!
DİM-in imtahan nəticələrini öyrənmək üçün SMS niyə 23 qəpik olmalıdır? Kim təyin edib bu SMS-in qiymətini? Niyə standart SMS-dən bahadır? Kimindir bu təhsil biznesi? Hazırlıq kursları, tədris mərkəzləri, pullu sınaqlar, dəyərindən qat-qat baha test kitabları, iş dəftərləri… Nə şəbəkə qurmusunuz siz?
Heç olmasa bu ölkənin intellekt sərvətindən əl çəkin! Təhsil - ən böyük talamaya çevrilib: kimlərsə məktəb tikintisindən yeyir, təmirdən qapazlayır, kimlərsə tədrisdən!
Nəticə?
Gördünüz nəticəni – 93 min uşaqdan cəmi 2 nəfərin yüksək balı…