Zəngilanda 44 şəhid anası ağac əkdi - FOTO
13.04.2022
Zəngilan rayonunda ağacəkmə aksiyası keçirilib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, 12 aprel 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə 44 günlük Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin analarının və FHN-in qadın əməkdaşlarının ümumi sayına uyğun olaraq işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Qarabağ Dirçəliş Fondunun nümayəndələri, həmçinin 44 şəhid anası iştirak ediblər.
Aksiya iştirakçıları əvvəlcə Zəngilan rayonunun girişində yerləşən şəhid məzarlığını ziyarət edərək üzərinə gül dəstələri düzüblər. Şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Daha sonra aksiya iştirakçılarının iştirakı ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov deyib ki, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə sayəsində 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımız düşməndən azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev beynəlxalq təzyiqləri layiqincə dəf edərək erməni faşizminə qarşı Vətən müharibəsində şanlı Ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik edib, diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətində misilsiz tarixi nailiyyətlərə imza atıb, tarixi ədaləti bərpa edib. "Qarabağ Azərbaycandır və nida” həqiqəti "dəmir yumruq” əməliyyatında böyük qələbəmizin, zəfərimizin rəmzinə çevrilib.
Sözünə davam edən M.İsmayılov torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərərək canlarından keçən şəhidlərimizin xatirəsinin daim uca tutulacağını vurğulayaraq bildirib ki, şəhidlərimiz bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuzdur. İgidlərimizin qəhrəmanlığı və mübarizliyi ilə 30 illik həsrətə son qoyulub, Qarabağımıza böyük qayıdış başlayıb. Qarabağın hər yerində, o cümlədən Zəngilanda üçrəngli müqəddəs Azərbaycan bayrağı dalğalanır. Bugünkü ağacəkmə aksiyasının əsas məqsədlərindən də biri şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsinə töhfə verməkdir.
Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən tədbirdə iştirak edən şəhid analarına ianə sertifikatı və qiymətli hədiyyələr təqdim edildikdən sonra ağacəkmə prosesinə start verilib. Şəhid anaları, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı və Qarabağ Dirçəliş Fondunun nümayəndələrinin iştirakı ilə ilkin olaraq 300 ağac tingi torpağa basdırılıb.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı tərəfindən İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi üçün işğaldan azad olunan ərazilərdə ətraf mühitə vurulan zərəri aradan qaldırmaq, ekoloji tarazlığın bərpasına şəhid analarının adından töhfə vermək məqsədilə Zəngilanda meşə massivinin salınması layihəsi çərçivəsində Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin analarının və FHN-in qadın əməkdaşlarının ümumi sayına uyğun miqdarda ağacın əkilməsi ilə əlaqədar Qarabağ Dirçəliş Fonduna 55 min manat vəsait ianə edilib.