ADA Universitetində BMT modeli üzrə konfransın açılışı olub
13.04.2022
"Bu il əməkdaşlığımız baxımından xüsusi bir ildir. Otuz il əvvəl Azərbaycan BMT-yə üzv qəbul olundu və Bakıda təşkilatın nümayəndəliyi açıldı”.
Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident-koordinatoru Vladanka Andreyeva ADA Universitetində keçirilən BMT modeli üzrə konfransın açılış mərasimində bildirib.
Onun sözlərinə görə, üç gün davam edəcək konfransın işində müxtəlif universitetləri təmsil edən 85-dək tələbə iştirak edir.
"Bu üç gün ərzində onlar hazırda dünya üçün vacib əhəmiyyət kəsb edən, adi insanların, o cümlədən burada olan hər kəsin həyatına təsir edən müxtəlif problemlərin həlli yolllarını müzakirə edəcəklər”, - rezident-koordinator əlavə edib.
O, hazırda dünyada milyonlarla insanın aclıqdan əziyyət çəkdiyini və ya münaqişəli zonalarda yaşadığını xatırladıb.
Onun sözlərinə görə, bütün bunlar gələcək qlobal inkişafı ləngidən amillərdir.
Xatırladaq ki, konfransın açılışında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.
XİN rəhbəri bu cür tədbirin gənclər üçün faydalı olacağını bildirib:
"Azərbaycan beynəlxalq ictimaiyyətdə gənclərin rolunun artırılması istiqamətində iş aparır. Konfransın gedişində iştirakçılar dünyanı narahat edən müxtəlif çağırışları, o cümlədən, iqlim dəyişikliyini müzakirə edəcəklər”.