Liparityan Türkiyə ilə bağlı Nikola təzyiq edir
08.04.2022
Ermənistanın birinci prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri Jirayr Liparityan İrəvanla Ankara arasında danışıqlar prosesində fəal iştirak edir, hakimiyyət orqanlarına və Ermənistanın Baş nazirinə müxtəlif məsləhətlər verir.
Bu barədə "Hraparak" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, Liparityan Ermənistan-Türkiyə prosesinin qatı tərəfdarıdır və Baş nazir Nikol Paşinyanla birbaşa kontaktı var. O, danışıqlarda ölkə rəhbərliyinə təlimat verir.
Danışıqların digər dolayı iştirakçısı isə Ermənistanın İrandakı səfiri, ixtisasca türkoloq Arsen Avaqyandır. O, ötən ilin oktyabrında səfir təyin edilib, bundan əvvəl Xarici İşlər Nazirliyinin qonşu dövlətlərlə əlaqələr şöbəsinə rəhbərlik edib. Avaqyan Ermənistanın danışıqlarda xüsusi nümayəndəsi Ruben Rubinyanın əsas məsləhətçilərindən biridir.
Qeyd edək ki, ötən ilin dekabrında Ermənistan və Türkiyə münasibətlərin normallaşdırılması məsələlərini müzakirə etmək üçün xüsusi nümayəndələr təyin etmişdilər. O vaxtdan bəri diplomatlar Moskva və Vyanada iki dəfə danışıqlar aparıblar.