İlk dəfə Rusiya şirkəti Buça qətliamını araşdırmağa çağırır
08.04.2022
"Rusal” Ukraynada hərbi cinayətlərin araşdırlımasına çağırış edən ilk Rusiya şirkəti olub.
Təsisçisi Oleq Deripaskadan və bir çox digər iri Rusiya ixracatçılarından fərqli olaraq, "Rusal” sanksiyalar altında deyil. Müharibə və dünya ictimaiyyətinin ona reaksiyası şirkətin tədarük zəncirlərinə ziyan vurdu.
"Ukraynanın Buça şəhərindən gələn xəbərlər bizi mütəəssir etdi. Hesab edirik ki, bu cinayət hərtərəfli araşdırılmalıdır. Davam edən informasiya müharibəsi kontekstində nə qədər ağır görünsə də, biz bu cinayətin obyektiv və qərəzsiz araşdırılmasının tərəfdarıyıq və günahkarların ciddi şəkildə cəzalandırılmasını tələb edirik”, - deyə "Rusal”ın direktorlar şurasının sədri Bernard Zonneveld bildirib.
Şirkət həmçinin "dəyərli insan həyatını xilas etmək və normal həyata qayıtmaq üçün münaqişənin tezliklə sülh yolu ilə həllinə” çağırır.
Eyni zamanda, aprelin 6-da yenidən yayılan bəyanatda Buça hadisələri ilə bağlı bu və ya digər tərəfə qarşı konkret ittihamlar yoxdur.
Kiyev Rusiya qoşunlarını dinc sakinləri öldürməkdə ittiham edir, Moskva isə bu ittihamları ardıcıl olaraq rədd edir.
Mənbə: The Financial Times