Restoranlarda xidmət haqqı ikiqat artdı
07.04.2022
Paytaxtda fəaliyyət göstərən restoranların əksəriyyətində müştəridən əlavə xidmət haqqı tələb edilir. Əvvəllər bu məbləğ ümumi hesabın 5-10% idisə, hazırda 15-20%-ə yüksəlib.
"DM" xəbər verir ki, restoranlar xidmət haqqı barədə əvvəlcədən müştərini məlumatlandırmır, hesab ödəyərkən müştərini əlavə sürprizlə qarşı-qarşıya qoyurlar. Bu isə tez-tez restoran rəhbərliyi və vətəndaşlar arasında problemə səbəb olur.
Restoran meneceri Rəşad Abdullayev saytımıza açıqlamasında bildirib ki, istənilən restoranda xidmət haqqı olduğu təqdirdə mütləq müştərilər məlumatlandırılmalıdır:
"Restoranın menyusunda bu barədə məlumat qeyd olunmalıdır. Bəzi restoranlarda musiqi olan yerdə 10%, restoran kabinetlərində 5% xidmət haqqı var. Bəziləri isə çay üçün də əlavə xidmət haqqı alır. Bu, əslində düzgün deyil. Əvvəlcədən məlumatlandırılmayan müştərinin həmin ödənişdən imtina və şikayət etmək hüququ var”.
İqtisadçı ekspert İmarə Əliyeva isə saytımıza açıqlamasında deyib ki, menyuda qeyd edilmədən müştəridən hər hansı faizin tutulması, musiqi və digər əyləncələrə görə ödəniş alınması birmənalı olaraq qadağandır:
"Göstərilən xidmətlər üçün menyuların olmaması, onların düzgün tərtib edilməməsi inzibati məsuliyyət yaradır. Belə hallarla əlaqədar istehlakçı hüququ pozularsa, yazılı şəkildə və ya (012) 599-76-00 nömrəli telefonla İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edə bilərlər. Müraciətlər qanunvericiliyin tələblərinə uyğun araşdırılacaq, nəticəsindən asılı olaraq müvafiq tədbirlər görüləcək. Bu, istehlakçıların xidmət haqqında məlumat almaq hüququnun pozuntusudur. Bu pozuntulara yol verən sahibkarlar İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, 800 manatdan 1000 manatadək cərimə edilir”.
Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə saytımıza bildirib ki, hər həftə sözügedən məsələ ilə bağlı AİİB-ə çoxsaylı şikayət daxil olur:
"Belə qanunsuz hallar geniş yayılıb. Ölkədə restoranlar, marketlər üçün qaydalar yoxdur. Bu kimi məsələlərlə bağlı Nazirlər Kabinetinin qaydaları olmalıdır”.