Partlayış olan klubdakı müğənni: “Gözümü açdım ki, insanlar yanaraq çölə qaçırlar”
06.04.2022
Aprelin 3-də baş verən partlayış zamanı "Location” klubda olan müğənni Nicat Məhərrəmov yaşadıqlarını danışıb.
Məlumata görə, o bildirib ki, beş dost həmin vaxt klubda olub:
"Partlayış klubun mərkəz hissəsindən gəldi. Mən kənarda barda dayanmışdım. Dalğa məni atdı, ayıldım ki, masanın altındayam. Baxdım ki, ortada heç kim yoxdur. Hətta insanlar yana-yana qaçırdılar, gözümlə gördüm. Zərbə o qədər güclü idi ki, adamları çölə atmışdı. Böyük faciə idi. Oradan bu vəziyyətdə çıxmışam, görən şok içində idi. İçəridə yanğın da baş verdi. Can şirin şeydi, hər kəs canını qurtarmağa çalışdı. Bir xanım məni itələdi, yıxıldım, gördüm ki, yanır. Küçəyə çıxanda tüstüdən görmürdüm, yıxıldım. Şokda idim, özümdə deyildim. Dostlarımı axtarırdım, beş nəfər idik. Sağdılar, ikisi evə buraxılıb, digər ikisi xəstəxanadadır. Eləsi var ayağı sınıb, yanıqları var”.
Qeyd edək ki, "Location” klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.