Nazirlik 19 federasiyanın statusunu dayandırdı
31.03.2022
Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.
Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, iclasın gündəliyinə əsasən, mart ayı ərzində keçirilmiş bir sıra tədbirlərin hesabatı və müvafiq qərarlar qəbul edilib.
İclasda həmçinin ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib.
Kollegiyanın qərarına əsasən, Azərbaycan Üzgüçülük Federasiyası İB, Azərbaycan Velosiped İdmanı Federasiyası İB, Azərbaycan Respublikasının Atçılıq Federasiyası İB, Azərbaycan Respublikası Həndbol Federasiyası İB, Azərbaycan Boks Federasiyası İB, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası İB akkreditasiyaları təsdiqlənib.
Bundan başqa, WKC növləri üzrə Azərbaycan Karate Federasiyası İB, Şito-Ryu Karate-Do Federasiyası İB, Azərbaycan Coriyo Kunq-Fu Federasiyası İB, Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası İB, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası İB, Azərbaycan Skayraninq Federasiyası İB, Azərbaycan Boulinq İdman Federasiyası İB, Azərbaycan Respublikası Əməyi və Vətəni Müdafiəyə Hazıram Kompleksi və Çoxnövçülüyü üzrə Federasiyası İB, Azərbaycan Aykido Federasiyası İB və Azərbaycan Dama Federasiyası İB, Alpinizm Federasiyası İB, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası İB, Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyası İB və Budo Döyüş Növləri Federasiyası İB-nin federasiya statusları dayandırılıb.
Xatırladaq ki, bir-neçə aydır nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 17-yə çatıb. Ümumilikdə, 19 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.