03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

E.Məmmədov"“Azərbaycan beş baza prinsipini Ermənistana rəsmən təqdim edib, cavab gözləyirik”

30.03.2022

Azərbaycan Respublikası ötən il sentyabr ayında BMT-nin İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiya əsasında Ermənistana qarşı Beynəlxalq Ədalət Məhkəməsində dövlətlərarası iddia qaldırıb.

Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Qubada YAP-ın təşkilatçılığı ilə "Soyqırımı: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, dekabr ayında məhkəmə Ermənistana qarşı müvəqqəti tədbirlər elan edib: "Azərbaycan tərəfindən verilən təcili vəsatət əsasında 15 hakim tərəfindən yekdilliklə qəbul edilib və Ermənistana öz ərazisində Azərbaycan vətəndaşlarına və Azərbaycan əsilli şəxslərə qarşı nifrət nitqi zəminində irqi ədavətin qızışdırılmasının qarşısını almaq üçün bütün zəruri tədbirlərin görülməsi tapşırılıb.

Məhkəmənin bu qərarının qəbul edilməsinə əsas Ermənistanda Azərbaycan vətəndaşlarına və Azərbaycan əsilli şəxslərə qarşı nifrət nitqi edən etnik milliyyətçi olan "VOMA” kimi hərbiləşdirilmiş qurumların məsuliyyətə cəlb edilməməsi, əksinə, onların fəaliyyətinin Ermənistan hökuməti tərəfindən təşviq edilməsi, təşkilat fəallarının dövlət tərəfindən mükafatlandırılması isə məhkəməyə təqdim etdiyimiz dəlil və sübutlar olub”.

Nazir müavini xatırladıb ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Ermənistana hərtərəfli sülh müqaviləsinin imzalanmasını təklif edib: "Bir müddət öncə Xarici İşlər Nazirliyi bu müqavilənin əsasını təşkil edəcək beş baza prinsipini Ermənistan tərəfinə rəsmən təqdim edib.

Azərbaycan hökuməti bölgədə davamlı sülhün və əmin-amanlığın təmin olunması məqsədilə Ermənistan tərəfinə bu prinsiplər əsasında sülh müqaviləsinin imzalanmasını təklif edib və qarşı tərəfdən bir müddətdir ki, məzmunlu cavab gözləyir. Hesab edirik ki, tarixi cinayətlərə hüquqi və siyasi qiymətin verilməsi ilə yanaşı, bölgədə davamlı sülh və sabitliyin bərqərar olunması məqsədilə Ermənistan Azərbaycana və azərbaycanlılara qarşı 100 ildən artıq bir müddət ərzində apardığı millətçi ideologiyaya əsaslanan siyasətdən nəhayət əl çəkməli, öz cəmiyyətində azərbaycanlıları hədəfə alan nifrət nitqi, aqressiv, zorakı, revanşist çağırışların qarşısını almalı, Azərbaycanın irəli sürdüyü beynəlxalq hüququn təməl prinsiplərinə əsaslanan mövqeyini qəbul etməlidir”.