Rusiya Ukrayna ilə masaya oturub, Qərbdən cavab istəyir
29.03.2022
İki ölkənin görüşlərinin Türkiyədə keçirilməsi Rusiya və Ukrayna ilə eyni məsafəni qoruyan rəsmi Ankaranın gərgin əməyinin nəticəsidir. Müharibənin daimi atəşkəs ilə dayandırılması tərəflərin, bölgənin və dünyanın yararınadır. Ancaq hazırda İstanbulda keçirilən görüşdə indiki mərhələdə atəşkəs qərarının olacağı ehtimalı çox azdır.
Bu sözləri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general-polkovnik İsmayıl Haqqı Pekin deyib.
Pekin əslində əsas problemin Qərblə Rusiya arasında olduğunu qeyd edib:
"Təbii ki, sözügedən görüşlər kritik məsələlər ətrafında cərəyan etdiyi üçün tərəflər bir-birilərinin istəklərini və mümkün həll yolları təkliflərini daha yaxından öyrənmək imkanına sahib olmalıdır. Hər nə qədər Rusiya və Ukrayna bir-biri ilə döyüşür kimi görünsə də, əslində əsas problem Rusiya ilə Qərb arasındadır. Bu baxımdan mövcud görüşlər əhəmiyyətli olsa da, onlardan bir nəticənin ortaya çıxması gözlənilməməlidir. Əlbəttə ki, atəşkəs qərarı çox böyük irəliləməyə səbəb olar. Bir daha qeyd etmək istəyirəm ki, aparılan müzakirələrin uğurlu olması yeni dünya nizamında Rusiyaya veriləcək mövqedən asılıdır. Bu baxımdan Rusiya ilə Qərb arasında həll edilməli problemlərin Ukrayna ilə Rusiya arasındakı görüşlərdə həlli mümkün deyil”.