DTX-nin Vətən savaşında Ermənistana hücumları - Video
29.03.2022
Müharibədən öncə Azərbaycanın işğal olunmuş ərazilərində Livandan və digər yerlərdən gətirilmiş sakinlər yerləşdirilmişdi. Onların siyahısı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) bəlli idi. Onlara elektrik enerjisini günəş panelləri vasitəsilə verirdilər. Təxminən 900-950 mənzil bu vasitə ilə elektrik enerjisi ilə təmin edilirdi.
Bu barədə İTV-də yayımlanan "Görünməyən qəhrəmanlar – DTX” sənədli filmində bildirilib.
Üzü görünməyən DTX əməkdaşı qeyd edib ki, Vətən müharibəsi başlayanda DTX həmin mənzillərə verilən enerjini kəsməyə nail olub.
"Onlar hiss etdi ki, Azərbaycandan ciddi müdaxilələr var və kiberhücumlar nəticə verir. Livandan köçmüş ermənilər, Suriyadan gətirilmiş ermənilər, erməni əsilli şəxslərlə ailə qurmuş şəxslər – bizdə bunların siyahısı var idi. Biz müharibə dövründə milli orduya siyahı vermişdik. Yəni həmin siyahı üzrə əsir düşən olsa, onlar bilsinlər ki, həmin şəxslər xaricdən gəliblər və muzdlu döyüşçülər ola bilərlər”, - deyə qeyd olunub.
DTX nümayəndəsi bildirib ki, müharibə zamanı Ermənistan 14-15 yaşlı yeniyetmələri də qanunsuz silahlı birləşmələrə cəlb edib:
"Biz bunu sənədlərlə təsdiq etmişdik. Bu sənədlər Ermənistanın hərbi səfərbərliyinin çağırış siyahısında var idi”.