Kürşad Zorlu Erməni separatçıları bundan sui-istifadə edir
28.03.2022
Son günlərdə Qarabağda vəziyyətin yenidən gərginləşməsi əslində gözləniləndir. 10 noyabr bəyanatının imzalanmasından keçən son 16 ayda hələ də bölgədə həll edilməmiş problemlər qalmaqdadır.
Bu sözləri Ankara Hacı Bayram Vəli Universitetinin professoru Kürşad Zorlu deyib.
Onun sözlərinə görə, Azərbaycan heç vaxt "Dağlıq Qarabağ”ı yenidən canlandırma meyillərinə imkan verməyəcək:
"10 noyabr 2020-ci il bəyannaməsinə görə, rus sülhməramlılarının vəzifəsi erməni silahlı birləşmələrini ərazidən çıxarmaq idi. Təəssüf ki, aradan keçən müddət ərzində rus sülhməramlıları bəyanatın tələbini yerinə yetirməyiblər. Bundan isə erməni separatçıları sui-istifadə edir”.
Professor Rusiyanın "silahsızlandırma” bəhanəsi ilə Ukrayna ərazisinə girdiyini, lakin Azərbaycanın öz ərazisindən silahlı erməni dəstələrini çıxarmasına mane olduğunu deyib:
"Gəlin bir anlıq Ukraynaya nəzər yetirək. Rusiya müstəqil bir ölkənin ərazisinə "silahsızlandırma” bəhanəsi ilə daxil olub. Amma Azərbaycanın öz suveren ərazisindən separatçı və silahlı erməni birləşmələrini çıxarmasına mane olur. Rusiyanın bu addımları və Rusiya Müdafiə Nazirliyinin son açıqlaması 10 noyabr, eyni zamanda 22 fevralda imzalanan müttəfiqlik bəyannaməsinə ziddir. Azərbaycan dövləti atdığı addımlarla öz torpaqlarının bir daha işğalına imkan verməyəcəyini, "Dağlıq Qarabağ” adında bir bölgənin Qarabağ bölgəsində mövcudluğuna razı olmayacağını qəti şəkildə göstərir. Azərbaycan Müdafiə Nazirliyinin son cavabı da bunu sübut edir. Ermənistan bu həqiqəti görməli, birdəfəlik dərk etməli və uzun müddətdən sonra sülhün və sabitliyin bərqərar edilməsi üçün ortaya çıxan əməkdaşlıq imkanlarını baltalayan cəhdlərdən uzaq durmalıdır”.