"Anadolu"nun müxbiri Afrində yaralanıb
03.02.2018
Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı” əməliyyatını izləyən Anadolu agentliyinin müxbiri Sarp Özer terrorçular tərəfindən açılan raket atəşi nəticəsində yaralanıb.
Anadolu agentliyi xəbər verir ki, raket müxbirin olduğu yerin yaxınlığına düşüb. Qoluna və ayağına qəlpə dəyən Özer ilk tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib. Vəziyyətinin yaxşı olduğu bildirilir.
Xatırladaq ki, bu gün Türkiyənin sərhədyanı əraziləri də raket atəşinə tutulub. Afrindən Kilisə və Hatayın Reyhanlı qəsəbəsinə 8 raket atılıb. Son məlumata görə, hücum nəticəsində 2 nəfər həlak olub, 16 nəfər yaralanıb.
Afrində PKK/PYD/YPG terror qruplaşmalarına qarşı aparılan əməliyyatların 12 günü ərzində Suriya ərazisindən sərhədyanı Reyhanlı və Kilis rayonlarına 82 raket atılıb. Raket zərbələri nəticəsində 6 nəfər həyatını itirib, 100-dən çox insan yaralanıb.