Paşinyanın Putindən xahişi Qarabağda nəyi dəyişəcək?
26.03.2022
Paşinyanla Putinin telefon danışığı olub: erməni Baş nazir Putindən Qarabağda mövqeləri və dislokasiya məntəqələrini dəqiqləşdirərkən, irəliləyən Azərbaycan Ordusunun əvvəlki mövqelərə qaytarılması üçün kömək istəyib və xahiş edib ki, sülhməramlılar baş verənləri araşdırsın.
Tərəflər bu istiqamətdə səy göstərməklə bağlı razılaşıblar.
Nikolun xahişləri bəzi məqamların ən yüksək səviyyədə etirafıdır:
- Bölgədə vəziyyət artıq əvvəlki kimi deyil və sülhməramlılar proseslərə müdaxilə edə bilmir, yaxud etmir;
- Azərbaycan Ordusu mövqelərin dəqiqləşdirilməsi üzrə irəliləyir.
Paşinyanın zənginin nəyisə dəyişdirəcəyi ehtimalı azdır: Azərbaycan Ordusu suveren ərazilərimizdə hərəkət edir və böyük ehtimalla Rusiyanın aktiv müdaxiləsi olmayacaq; proseslər Azərbaycan və Rusiya arasında imzalanan son bəyannamədən (22 fevral Moskva Bəyannaməsi – red.) sonra Qarabağda da vəziyyətin dəyişdiyini deməyə əsas verir.
Baş verənlər 10 noyabr razılaşmasının 4-cü bəndinin – qanunsuz erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən çıxarılması ilə nəticələnəcəyi gözləntisini artırır:
- Bakının bu məsələdə israrı artıq praktiki mərhələyə keçib;
- Ukrayna müharibəsi fonunda Cənubi Qafqazdakı razılaşmalarda ciddi irəliləyişin olması Rusiya üçün də lazımlıdır.