“Schlumberger” Rusiyaya yeni investisiyaları dayandırılıb
19.03.2022
Neft və qaz hasilatı üzrə dünyanın ən iri servis kompaniyası olan "Schlumberger” Rusiyada fəaliyyəti üçün yeni investisiyaları və texnologiyaların tətbiqini dayandırdığını elan edib.
DM xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə "Schlumberger” kompaniyasının bəyanatında deyilir.
"Biz Ukraynada münaqişənin gərginləşməsini böyük narahatlıqla izləyirik. Regiondakı vəziyyətin inkişafından asılı olaraq irəliyə doğru yolumuzu qiymətləndirdik və Rusiyada əməliyyatlarımız üçün yeni investisiya və texnologiyaları dərhal dayandırmağa qərar verdik”, - deyə kompaniyadan bildirilib.
Layların kompleks qiymətləndirilməsi, quyuların qazılması, karbohidrogen hasilatının idarə edilməsi və emalı üzrə texnologiyaların əsas təchizatçısı olan "Schlumberger” kompaniyası dünyanın 85-dən çox ölkəsində fəaliyyət göstərir. Kompaniyanın mənzil-qərargahı Paris, Hyuston, London və Haaqa şəhərlərində yerləşir.