Blinken Novruz tədbirinə qatıldı
18.03.2022
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Türkmənistan səfirliklərinin birgə təşkilatçılığı, Meridian Beynəlxalq Mərkəzi və Mərkəzi Asiya Məsələləri üzrə Oksus Cəmiyyətinin moderatorluğu ilə Novruz bayramına həsr edilmiş onlayn tədbir keçirilib.
Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyindən məlumat verilib.
Tədbirdə yüksək səviyyəli qonaqlar qismində ABŞ-ın dövlət katibi Antoni Blinken, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru Samanta Pouer, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Qreqori Miks, ABŞ-ın müdafiə katibinin köməkçisinin müavini Rebekka Zimmerman Novruz bayramı ilə əlaqədar təbrik mesajlarını çatdırıblar.
E.Blinken çıxışı zamanı ABŞ Prezidenti Co Bayden və Amerika xalqının adından bütün dünyada Novruz bayramını qeyd edən xalqları təbrik edib, baharı qeyd etmək üçün gözəl fürsət olan Novruzun keçmişi işıqlandırmaqla yanaşı, yeni fəsil və imkanlar üçün insanlara yeni nəfəs gətirdiyini vurğulayıb. O, yeni fəslin gəlişi ilə dünyadakı bütün böyük və kiçik çətinliklərin aradan qalxacağına, yeni ilin sağlamlıq və sülhlə yadda qalacağına ümidini ifadə edib.
S.Pauver Novruz proqramını təşkil edən səfirliklərə təşəkkürünü bildirərək ABŞ və Novruzun qeyd edildiyi digər regionlara öz təbriklərini çatdırıb. O, qarşılaşdığımız çətin zamanlarda Novruzun ürəklərə istilik gətirərək birlik, müstəqillik və azadlıq kimi birgə dəyərlərə səslədiyini qeyd edib.
R.Zimmerman ABŞ-ın müdafi katibi Lloyd Ostinin adından Novruz təbriklərini çatdıraraq bu il region ölkələri ilə diplomatik və müdafiə sahəsində münasibətlərin 30 illiyinin qeyd edilməsinə diqqət çəkib, regional əməkdaşlığın gücləndirilməsi, sülh və sabitliyin təşviq edilməsində töhvələri yüksək qiymətləndirib. O, 20 il ərzində ABŞ-ın Əfqanıstanın stabilliyi və hərbi əməliyyatları zamanı Əfqanıstanın stabilliyinə dəstək verən Mərkəzi Asiya ölkələri və digər tərəfdaş türk dövlətlərinə təşəkkürünü bildirib. R.Zimmerman indi hər zamankından daha çox ədalət və sülh üçün birliyə ehtiyac olduğunu bildirib.
Q.Miks baharın ilk günü hesab edilən Novruzun birgə məram və dəyərləri birləşdirdiyini, sülh və həmrəyliyə səslədiyini vurğulayıb. O, ABŞ Konqresində Xarici İşlər Komitəsinin sədri qismində qarşılaşdığımız çətinliklərin öhdəsindən gəlmək üçün birlik və tərəfdaşlığın gücləndirilməsində maraqlı olduğunu bildirib.
Daha sonra Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan səfirləri, Qazaxıstan və Türkiyənin səfir müavinləri çıxış edərək Novruz bayramı ilə bağlı təbrik mesajlarını çatdırıblar.
Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Novruz bayramının təbiətin, insanların, fikirlərin yenilənmə zamanı olduğunu bildirərək ölkəmizdə bu dəyərin yüksək qiymətləndirildiyini qeyd edib. Səfir Prezident İlham Əliyevdən sitat gətirərək Novruz bayramının Azərbaycan xalqının dünya görüşü, gələcəyə nikbinliyi və milli birliyinin təcəssümü olduğunu bildirib. O, Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 30-cu ildönümündə bu xüsusi bayramın qardaş dövlətlərlə birlikdə keçirilməsinin əhəmiyyətini qeyd edib, daha yaxşı gələcək üçün Novruz dəyərlərinin təcəssüm etdirən əməkdaşlığın güclənəcəyinə əminlik ifadə edib.
Tədbir zamanı ölkələrin tarixini, mədəniyyətini və ənənələrini əks etdirən Novruz bayramı münasibətilə hazırlanan xüsusi videoreportajlar yayımlanıb. Azərbaycanın tar ustası, əməkdar artist Vüsal İsgəndərzadə rəhbərlik etdiyi "Şur Trio” qrupu ilə birlikdə Azərbaycan musiqisinin gözəl bir nümunəsini ifa edib.
Novruz tədbirini ABŞ-da yaşayan çoxsaylı icma nümayəndələri, ABŞ rəsmiləri izləyib. Tədbirdən sonra ABŞ dövlət qurumlarına və rəsmi şəxslərinə tədbirin təşkilatçıları olan ölkələr tərəfindən birgə hazırlanmış ölkə mətbəxlərinin təamları və bayram azuqəsi göndərilib.