"Azərbaycanın incisi olan Şuşa bərpa mərhələsindədir"
18.03.2022
"Bu gün dövlətimizin əsas vəzifələri beynəlxalq hüququn prinsiplərinə sadiq qalmaq, sülhyaratma, azad edilmiş torpaqları daha da inkişaf etdirməkdir".
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada Azərbaycanın BMT-yə üzv olmasının 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.
"Bu gün biz Azərbaycanın incisi olan Şuşadayıq. Hazırda Şuşa bərpa mərhələsindədir. Azərbaycan BMT üzvlüyünə qəbul olunduğu gündən bu yana beynəlxalq hüququn başlıca prinsiplərinə sadiq qalıb. Sabitlik, sülh, təhlükəsizlik kimi ümdə meyarlar daim ölkəmizin gündəmində ön plandadır”,- o deyib.
Prezidentin köməkçisi söyləyib ki, 2020-ci ildə Azərbaycan iki cəbhədə, həm Ermənistan ilə döyüş meydanlarında, həm də COVID-19 pandemiyasına qarşı vuruşmalı olub: "Bu mürəkkəb dövrdə Ümumdünya Səhiyyə Təşkilatı ilə yaxından əməkdaşlıq edirdik. BMT ilə də əlaqələrimizin işıqlı gələcəyinə inanırıq”.
H.Hacıyev həmçinin Azərbaycanın Əfqanıstanda və başqa bölgələrdə beynəlxalq sülhməramlı əməliyyatlarında iştirak etdiyini də xatırladıb.