Komitə sədri: “Yüzlərlə yeni iş yeri yaradılacaq”
18.03.2022
2022-ci ilin mart ayının 15-də Energetika Nazirliyi və "Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar” şirkəti arasında 230 MVt gücündə Günəş Elektrik Stansiyası layihəsi üzrə təməlqoyma mərasimi baş tutdu.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib ki, müqavilə çərçivəsində ildə 500 milyon kVt/saat elektrik enerjisinin istehsalı nəzərdə tutulur.
"Bu da öz növbəsində ildə 110 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına, habelə yeni investorların digər layihələrə cəlbinə yol açacaq”, - deyə deputat bildirib.
Səudiyyə Ərəbistanının "Acwa Power” və BƏƏ-nin "Masdar” şirkətləri ilə imzalanan müqavilələr - ilk dəfə xarici sərmayə əsaslı belə layihələrin həyata keçirilməsi nəticəsində il ərzində 330 milyon kubmetr qaza qənaət ediləcək.
Sadiq Qurbanov deyib ki, atmosferə 600 min tondan artıq karbon emissiyasının qarşısı alınacaq, habelə yüzlərlə yeni iş yerləri yaradılacaq.
"Azərbaycan Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazı emissiyalarını 35 % azaltmağı hədəf kimi götürüb. Bərpa olunan enerji ekoloji cəhətdən təmiz olduğu üçün bu, həm Azərbaycanın Paris sazişi çərçivəsində öhdəliklərinin yerinə yetirilməsinə, həm də ölkədə ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasına dəyərli töhfə verəcək”, - deyə Sadiq Qurbanov fikrini yekunlaşdırıb.