"Hüseyn Cavid - 135" müsabiqəsinin qalibləri mükafatlandırıldı+ FOTOLAR
02.02.2018
Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 135 illik yubileyi münasibəti ilə "Kaspi" Təhsil Şirkəti, "Kaspi" qəzeti, artkaspi.az mədəniyyət və ədəbiyyat portalının birgə təşkil etdikləri "Hüseyn Cavid — 135" şeir müsabiqəsinin mükafatlandırma və müsabiqəyə göndərilən poetik nümunələrdən ibarət antologiyanın təqdimat mərasimi keçirilib.
Azərbaycan xəbər verir ki, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov dramaturqun həyat yolundan danışarkən qeyd etdi ki, Hüseyn Cavid Azərbaycan ədəbiyyatında əbədi iz qoyan şəxsdir.
Daha sonra "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri Sona Vəliyeva çıxış edərək bildirdi ki, belə böyük bir xalqı olduğuna, belə anıldığına görə Hüseyn Cavid çox xoşbəxt sənətkardır: "Cavid bəşəri ideyalarla yaşayan sənətkar olub. Hesab edirəm ki, sənətkarı məhz mühit yetişdirir. Cavidin də övliya kimi yetişməsində yaşadığı həyat və mühit mühüm rol oynayıb. Məfkurənin hardan başladığını, sənətdə tətbiqini dəyərli müəllimlərindən mənimsəyib. Cavidin bütün yaradıcılığında turançılıq və Allaha bağlılıq var. Tarixi şəxsiyyətlər yaradarkən belə, onun Allaha bağlılığı hiss olunur. Cavidin yaradıcılığında onun şəxsiyyətinə xələl gətirəcək heç bir izə rast gəlinmir. Cavidin yaradıcılığını oxuyan xalqı hər zaman onunla qürur duyur. Çünki o, hər zaman məfkurəyə, öz əqidəsinə sadiq qalıb. Bu gün bizi Cavidə qaytaran səbəb də məhz budur".
Müsabiqə barədə məlumat verən S.Vəliyeva bildirib ki, qaliblərin seçilməsində ədalət prinsipi əsas götürülüb.
O qeyd edib ki, müsabiqəyə 108 müraciət olub. Yazılar dəyərli söz adamlarından ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilib. Münsiflər heyəti qarar verərkən Hüseyn Cavidin başlıca prinsipi olan ədalət əsas götürülüb.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin Nəzəriyyə və təcrübə kafedrasının müdiri Cahangir Məmmədli bildirib ki, həyatda bəzi müqəddəs anlar var, Hüseyn Cavidin Azərbaycana gətirilməsi müqəddəs anlardan olub.
Müsabiqənin münsiflər heyətinin üzvü, Xalq şairi Sabir Rüstəmxanlı milli kimliyimizə ayırdıqları diqqətə görə Kaspi təhsil mərkəzi və şəxsən Sona Vəliyevaya təşəkkür edib.
Tədbirin sonunda müsabiqənin qaliblərinə diplom və pul mükafatları təqdim edilib.
DM