Rusiyada şəkər böhranı: qiymət dollarla hesablanır
17.03.2022
Rusiyada bir sıra şəkər zavodu qida istehsalçılarına alış-verişi dollarla təklif etməyə başlayıb. Lakin ödənişlər rublla - malların göndərildiyi tarixə uyğun olan məzənnə ilə həyata keçirilməlidir.
Bu barədə "Rusbrend” assosiasiyasının Federal Antiinhisar Xidmətinə (FAS) martın 16-da göndərdiyi məktubunda bildirilib.
"Rusbrend” quruma vəziyyəti analiz etmək və tədbirlər görməsi üçün müraciət edib.
Məktubda həmçinin qeyd olunub ki, qida istehsalçıları iki gün ərzində şərtlərlə bağlı fikirlərini dəyişməsələr, şəkər zavodları daşımaları dondurmaq niyyətindədirlər. İstehsalçılar onu da qeyd ediblər ki, şəkərin qiyməti heç bir izahat verilmədən və danışıqlar aparılmadan 60-70% artıb.
Qeyd edək ki, "Rusbrend”in tərkibinə "Nestle”, "Unilever”, "Danone” kimi dünya şirkətləri daxildir. Həmin şirkətlər Rusiyada ərzaq istehsalı ilə məşğuldurlar.