Rusiyaya sanksiyalar dərman bazarını da vurdu
17.03.2022
Qlobal əczaçılıq şirkətləri Rusiyada yeni klinik sınaqlar keçirməkdən imtina edirlər.
Bu barədə "Vedomosti” nəşri "Pfizer”, "Lilly”, "AbbVie”, həmçinin "Sanofi” və "MSD” şirkətlərinin nümayəndələrinin saytlarındakı mesajlara istinadən yazır.
Rusiyada klinik sınaqlar ölkədə dərman qeydiyyatı üçün ilkin şərtdir. Bu isə o deməkdir ki, rusiyalılar yeni dərmanları illərlə gözləməli olacaqlar.
RF Səhiyyə Nazirliyi əczaçılıq şirkətlərinin öz dərmanlarının klinik sınaqlarına vaxtından əvvəl xitam verilməsi üçün hələlik müraciət etmədiklərini bildirib.
"İnbio Vençurs” əczaçılıq fondunun elmi ekspertizası rəhbəri İlya Yasnının sözlərinə görə, Rusiyada qeydiyyatdan keçmiş xarici innovativ dərmanlar onların ərazilərində klinik sınaqlardan keçməlidir, istisnalar nadir xəstəliklər üçün dərmanlar və pandemiya zamanı istifadə olunan preparatlardır. Klinik sınaqlarda fasilə uzanarsa, Rusiya bazarında yeni dərmanlar çox gecikmə ilə peyda olacaq.
"İnnovativ dərmanların ölkəyə gəlməsi sonsuza qədər, yəni Rusiyaya qarşı sanksiyaların ləğvinə kimi ləngiyəcək”, - deyə ekspert vurğulayıb.