21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycanlı deputatlar Meksikada protokol aktı imzaladılar - FOTO

17.03.2022

Martın 15-də Meksika Deputatlar Palatasında Konqresin 65-ci çağırış üzvlərindən ibarət Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun inauqurasiyası mərasimi keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, mərasimdə Meksika Deputatlar Palatasının üzvü, hakim "Morena” partiyasının təmsilçisi və Azərbaycan-Meksika dostluq qrupunun sədri deputat Migel Anxel Peres Navarrete, Parlamentin beynəlxalq əlaqələr komissiyasının sədri deputat Alfredo Femat Banyuelos, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfiri Məmməd Talıbov, digər millət vəkilləri, Meksika Xarici İşlər Nazirliyinin, QHT və yerli KİV nümayəndələri iştirak ediblər.

Millət vəkili M.A.Peres Navarrete Meksika ilə Azərbaycan arasında daim dostluq münasibətlərinin mövcud olduğunu, müxtəlif sahələrdə səmərəli əməkdaşlığın həyata keçirildiyini deyib. Azərbaycanı müasir və bərabər hüquqları təşviq edən böyük iqtisadi baxışa malik, bir çox ölkələr üçün nümunə ola biləcək bir ölkə adlandırıb. Tədbir iştirakçılarına ölkəmiz haqqında məlumat verən millət vəkili bu il iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinin qeyd olunduğunu qeyd edib, dostluq qrupunun bu münasibətlərin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

O, həmçinin Azərbaycanın 30 ilə yaxın davam edən təcavüz siyasətinə son qoyduğunu və nəticədə öz ərazi bütövlüyünü bərpa etdiyini xüsusi vurğulayaraq, hazırda ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət sayəsində işğaldan azad edilmiş bölgədə intensiv minatəmizləmə və quruculuq işlərinin həyata keçirildiyini bildirib.

Ölkəmizin Meksikadakı səfiri M.Talıbov çıxış edərək, parlamentlərarası qrupun yaradılmasının iki ölkə arasındakı əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaratdığını qeyd edib. Diplomatik münasibətlərin 30 illik müddəti ərzində ikitərəfli əməkdaşlığın qarşılıqlı hörmət prinsipləri əsasında həyata keçirildiyini, parlamentlərarası əlaqələrin hər zaman nümunəvi olduğunu, hər iki qanunverici orqandakı parlamentlərarası dostluq qrupları arasında ənənəvi görüşlərin keçirildiyini qeyd edib. Meksika Konqresinin Azərbaycan üçün həssas məsələlərdə həmişə ədalətli mövqe nümayiş etdirdiyini qeyd edən səfir münaqişə zamanı Meksika Konqresinin daim beynəlxalq hüquq mövqeyindən çıxış etdiyini söyləyib, bu xüsusda Konqres tərəfindən Azərbaycana qarşı erməni təcavüzünü pisləyən və Xocalı soyqırımını tanıyan sənədlərin qəbul edilməsini xüsusilə vurğulayıb.

Qrupun üzvü, meksikalı pilot Serxio Peresin (Çeko Peres) atası deputat Marko Antonio Peres Qaribay çıxış edərək, oğlunun Azərbaycanda keçirilən "Formula-1” yarışlarında üç dəfə qalib kürsüsünə çıxdığını vurğulayıb, Azərbaycan xalqı tərəfindən göstərilən qonaqpərvərlik və səmimiyyətə görə ölkəmizə xüsusi rəğbət bəslədiyini qeyd edib. Parlamentlərarası dostluq qrupunun yaradılmasının iki ölkə arasında müxtəlif sahələrdə mövcud münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyinə inamını ifadə edib.

Qrupun digər üzvləri də çıxış edərək, coğrafi baxımdan bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, iki ölkənin əlaqələrinin daim inkişaf etməsinin məmnunluq doğurduğunu bildiriblər. Tədbirin sonunda Meksika-Azərbaycan dostluq qrupunun inauqurasiyasına dair protokol aktı imzalanıb.

Tədbirdən sonra qrupun sədri M.A.Peres Navarrete, səfir M.Talıbov və qrupun digər üzvləri Deputatlar Palatasının plenar iclasında iştirak ediblər. İclas zamanı M.Talıbov protokol qaydasına uyğun olaraq, Palatanın prezidenti Serxio Qutyerres Luna tərəfindən salamlanıb. Sonda səfir M.Talıbovla Palatanın prezidenti arasında qısa görüş keçirilib. Tədbir Konqresin rəsmi kanalında canlı yayımlanıb və yerli KİV-lərdə işıqlandırılıb.