03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Səfir Əli Əlizadə: “Azərbaycanın yeni iqtisadi marşrutda iştirakı təmin olunacaq”

15.03.2022

"Azərbaycan və İran arasında ticarət və iqtisadi əlaqələr hər il yüksələn istiqamətdə inkişaf edir”.

Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə deyib.

Ə.Əlizadənin sözlərinə görə, hazırda Azərbaycanın aidiyyəti qurumları Fars körfəzi – Qara dəniz marşrutunda iştirakla əlaqədar bütün tərəflərlə müzakirələr aparır. Bununla bağlı üzvlüyü təklif olunan dövlətlər tərəfindən bütün məsələlərə baxılıb. Həmçinin Azərbaycanın da bu marşrutda iştirak etməsi təklif olunub. Əgər ölkəmizin mənafeyinə, uyğun olarsa, sözsüz ki, Azərbaycanın da bu marşrutda iştirakı təmin olunacaq.

İran, Azərbaycan və Rusiya arasında Şimal-Cənub enerji dəhlizinin yaradılmasına münasibət bildirən səfir qeyd edib ki, bununla bağlı layihə üzərində işlər davam edir. 22 fevralda Qətərin Doha şəhərində Azərbaycan, İran və Rusiya energetika nazirlərinin görüşü baş tutub, müzakirələr keçirilib. Həmçinin Azərbaycan və İran arasında ikitərəfli görüşlər olub. Eyni zamanda işçi qrupları səviyyəsində videoformatda müntəzəm görüşlər keçirilir.

Hər üç ölkə bu layihənin həyata keçirilməsini dəstəkləyir. Layihə ilə bağlı lazımi layihələndirmə işlərini İranın "Monenko” şirkəti həyata keçirərək təqdim etməlidir. Azərbaycanın aidiyyəti orqanları bunu dəyərləndirəcəklər.

"Hal-hazırda bu istiqamətdə də işlər gedir. Biz əminik ki, yaxın gələcəkdə bu layihənin də həyata keçirilməsi baş tutacaq. İnanırıq ki, Azərbaycan və İran arasında Astaraçay üzərində yeni körpünün tikintisi qıza zaman kəsiyində başa çatdırılaraq istifadəyə veriləcək. Tikinti artıq başlanılıb və sürətlə davam edir. Bu körpü həm nəqliyyat vasitələrinin, həmçinin insanlarımızın gediş-gəlişinin rahatlığını təmin edəcək. Eyni zamanda Azərbaycan-İran əlaqələri, ticari və iqtisadi əlaqələri hər il yüksələn istiqamətdə inkişaf edir.

Sərhədlərimizdə ticarət üzrə yaranan sıxlıqlar nəzərə alınaraq hər iki ölkənin hökumətləri tərəfindən yeni körpülərin salınması qərara alınıb. Bunlardan biri də Astara-Astara körpüsüdür ki, təməli qoyulub. Biz əminik ki, gələcəkdə bu körpü də ticari və iqtisadi əlaqələrimizin artmasına öz töhfəsini verəcək”, - deyə o qeyd edib.

Səfir əlavə edib ki, məlum olduğu kimi, Azərbaycan və İran prezidentlərinin Türkmənistan paytaxtı Aşqabadda görüşü çərçivəsində Türkmənistan qazının İran vasitəsi ilə Azərbaycana svop edilməsi üzrə saziş imzalanıb. Artıq bu ilin əvvəlindən bu layihənin icrasına başlanıb və həyata keçirilir. Bununla bağlı həm ikitərəfli, həm də üçtərəfli formatda çox yaxşı əməkdaşlıq mövcuddur.

Xəzər dənizində neft yataqlarının birgə işlənilməsi ilə bağlı Azərbaycan və İran arasında müzakirələr aparılır. Neft yataqlarının işlənməsi ilə bağlı İran tərəfinin təklifləri olub.

"Sözsüz ki, bu təklifləri aidiyyəti orqanlarımız dəyərləndirirlər. Bu yaxınlarda Bakıda keçiriləcək Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Komissiyasının növbəti iclasında, çox güman ki, layihələrlə bağlı təkliflər yenilənərsə, müzakirə olunacaq və aidiyyəti orqanlarımız tərəfindən gələcək perspektivi müəyyən olunacaq", - səfir deyib.

Əlizadənin sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində İran şirkətlərinin fəaliyyəti ilə bağlı həm Azərbaycan tərəfinin təklifi və dəvəti olub, həm də İran tərəfi özü quruculuq və bərpa işlərində iştirakda çox maraqlıdır. Əgər hər-hansı İran şirkəti Azəbaycanın işğaldan azad olunan ərazilərində sərmayə yatırmaq istəyərsə, Azərbaycanın aidiyyəti orqanları vasitəsilə öz işlərini həyata keçirə bilər. İki ölkənin Hökumətlərarası Birgə İqtisadi Komissiyasının iclasından öncə iş adamlarının birgə görüşü planlaşdırılır. Həmin görüşdə iş adamlarının bu imkanlarla tanış olması nəzərdə tutulur. Bundan sonra İran tərəfinin nümayəndələri öz fikirlərini bildirəcəklər.

"İranın Təbriz və Urmiya şəhərlərinə səfərim zamanı Şərqi və Qərbi Azərbaycan vilayətlərinin başçıları, hökumət və qeyri-hökumət təşkilatları, ticarət palatalarının nümayəndələri ilə görüşlərimdə müzakirələrimiz oldu. İran şirkətlərini işğaldan azad olunan ərazilərimizə sərmayə yatırmağa dəvət etdik ki, bərpa və quruculuq işlərində iştirak etsinlər. Artıq bir neçə şirkət öz marağını göstərib, hal-hazırda onlar layihələri öyrənir, imkanlarını araşdırırlar, sözsüz ki, hər iki tərəfi qane edərsə, bu layihələrin həyata keçirilməsi baş tutacaq. Təbrizin "Traktorsazi" şirkəti də işğaldan azad olunmuş ərazilərdə öz filialını yaratmağa maraq göstərib”, - deyə o qeyd edib.