Boks millimiz Avropa çempionatına yola düşdü
11.03.2022
22 yaşadək (U-22) boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında iştirak üçün Xorvatiyaya yollanıb.
"DM" xəbər verir ki, yığma 13-23 mart tarixlərində Poreç şəhərində keçiriləcək qitə birinciliyində yeddi idmançı ilə təmsil olunacaq.
Millinin böyük məşqçisi Nəriman Abdullayev U-22-lərin Avropa çempionatında Nicat Hüseynov (-51 kq), Ruslan Qədirov (-54 kq), Maqsud Xasmetov (-57 kq), Cəlal Qurbanov (-63,5 kq), Nəbi İsgəndərov (-67 kq), Mirşərif Kazımzadə (-75 kq) və Murad Allahverdiyevə (-80 kq) şans verəcək. Çempionatda beynəlxalq dərəcəli referimiz Anar Babanlı da hakimlər sırasında yer alacaq.
Komandaya İdarə Heyətinin üzvü Rövşən Hüseynov rəhbərlik edir. Yığma Bakıya martın 25-də qayıdacaq.
Qeyd edək ki, 13 çəki dərəcəsi üzrə keçiriləcək Avropa çempionatının püşkü sabah atılacaq.