Əmək pensiyası alanlara ŞAD XƏBƏR
04.03.2022
Prezident İlham Əliyev "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
"Devran Media" xəbər verir ki, sərəncam "Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 3135 nömrəli Sərəncamının icrasını təmin etmək və əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alınıb.
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
1.1. 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin etsin;
1.2. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi yardımın dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün zəruri tədbirlər görsün;
2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Bu Sərəncamın 1-ci hissəsi 2022-ci il yanvarın 1-dən tətbiq edilir.