Rus iqtisadçılar: Müharibəni dərhal dayandırın!
28.02.2022
Bir sıra rusiyalı iqtisadçı Ukraynadakı müharibəyə qarşı açıq məktub yazıb.
"Devran Media" verir ki, bu barədə mediada məlumat yayılıb.
"Biz Rusiyada və xaricdə universitet və tədqiqat mərkəzlərində çalışan iqtisadçılar icması Rusiya hakimiyyətinin Ukraynaya qarşı başlatdığı müharibəyə kəskin etiraz edirik. Biz hərbi əməliyyatların dərhal dayandırılmasını və Rusiya qoşunlarının Ukraynadan çıxarılmasını tələb edirik. Ukraynaya hücum qonşu suveren dövlətə qarşı əsassız təcavüz aktıdır”, - məktubda deyilir.
İqtisadçılar həmçinin Rusiya iqtisadiyyatı üçün ciddi mənfi nəticələri proqnozlaşdırıblar:
"Qiymət artımı, gəlirlərin və investisiyaların, sosial xərclərin daha da azaldılması, mühacirət nəticəsində insan kapitalı itkisinin sürətlənməsi... Rusiyanı bu kimi ağır nəticələr gözləyəcək. Hesab edirik ki, Rusiya rəhbərliyinin hərəkətləri ölkənin gələcəyinə böyük ziyan vurur. Rusiya liderləri Ukraynaya qarşı müharibəyə başlamaqla Rusiya vətəndaşlarının maraqlarına zidd hərəkət edirlər”, - məktubda deyilir.
Qeyd edək ki, məktubu yüzdən çox iqtisadçı imzalayıb.